Qətərdə münaqişəyə son qoymaq və girovları azad etmək üçün danışıqlar başlayıb. Fələstinin radikal HƏMAS hərəkatı isə Qəzza zolağında İsraillə razılaşmaya açıq olduğunu bəyan edib.
Editor.az xəbər verir ki, bu barədə “The Times of Israel”in sözlərini sitat gətirən hərəkatın yüksək səviyyəli nümayəndəsi bildirib. Qeyd olunub ki, HƏMAS-ın Qətərdəki siyasi bürosunun üzvü Hussam Badran razılığa gəlməyin mümkün olduğunu təsdiqləyib. Badranın sözlərinə görə, qrupun tələbləri aydındır: Belə ki, İsrailin baş naziri Binyamin Netanyahu razılaşdırılmış məsələlərin həyata keçirilməsini öhdəsinə götürərsə, razılaşma mümkün ola bilər.
Fələstinin radikal HƏMAS hərəkatının minlərlə silahlı yaraqlısının ötən ilin oktyabrında İsrail sərhədindəki yaşayış məntəqələrinə hücumundan sonra Yaxın Şərqdə vəziyyət daha da pisləşib. HƏMAS bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab kimi qiymətləndirib. İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edərək hərbi əməliyyat çərçivəsində onu və Livan və Suriyanın bəzi hissələrini vurmağa başlayıb.
//Gülnarə Abasova, Editor.az