Fələstinin HƏMAS hərəkatı ilk dəfə olaraq bildirib ki, döyüşlər başa çatdıqdan sonra İsrail əsgərlərinin Qəzza zolağında müvəqqəti qalmasına imkan verən razılaşmaya gedə bilər.
Editor.az bildirir ki, bu barədə Amerikanın “The Wall Street Journal” (WSJ) qəzeti vasitəçilərə istinadən yazır. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, söhbət İsrailin Filadelfiya dəhlizində (Misirlə Qəzza sərhəddindəki hissə) və Netzarim dəhlizində (Qəzza ilə İsrail sərhədindən Aralıq dənizinə qədər təxminən 4 km enində zona) mövcudluğundan gedir. HƏMAS həm də öz qüvvələrini Rəfah keçidinin Fələstin tərəfinə yerləşdirməməyə razılaşıb.
Bundan əvvəl təklif çərçivəsində HƏMAS artıq Qəzzada atəşkəs razılaşması əsasında azad ediləcək girovların siyahısını vermişdi. Mənbənin sözlərinə görə, İsrail və Fələstin hərəkatı 30-a qədər girovun azad ediləcəyi iki aylıq atəşkəs müddətini müzakirə edir. Buna cavab olaraq İsrail tərəfi bir qrup fələstinli məhbusa amnistiya verməli olacaq və anklav ərazisinə humanitar yardım axınının artmasına imkan verəcək.
WSJ mənbələri həmçinin ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan’ın “müqaviləni təşviq etmək” üçün yaxın günlərdə İsrail, Misir və Qətərə səfər etməyi planlaşdırdığını bildirib.
//Samir Qurbanov, Editor.az