İran prezidenti Məsud Pezeşkian Tehranda Fələstinin HƏMAS hərəkatının siyasi qanadının rəhbəri İsmayıl Haniyə ilə görüşüb.
Görüşdə Pezeşkian Qəzza zolağında müharibənin “sionist rejimin məhvi ilə başa çatacağına” əminliyini ifadə edib. İsmayıl Haniyə İran prezidentindən bölgədəki münaqişədə iştirak edən hərbi qruplara dəstəyi davam etdirməyi xahiş edərək cavab verib: “Fələstin xalqının bu cinayətlərə qarşı şiddətli müqaviməti qürur mənbəyidir. Və biz əminik ki, bu mübarizə Fələstin xalqının yekun qələbəsi və Fələstin torpaqlarının azad edilməsi, eləcə də sionist rejimin məhvi ilə başa çatacaq”, – prezident administrasiyasının mətbuat xidməti Pezeşkiandən sitat gətirir.
İran prezidenti həmçinin bildirib ki, İran “məzlum Fələstin xalqının haqlarını həmişə dəstəkləyib” və “bu dəstəyi daha böyük güclə davam etdirəcək”. İsmayıl Haniyə Məsud Pezeşkianla söhbətində İranın Dəməşqdəki konsulluğunun atəşə tutulmasına cavab olaraq aprel ayında İranın İsrail ərazisinə raket hücumunu xatırladıb. Onun sözlərinə görə, o zaman 20-yə yaxın ölkə İsrailə “dəstək verməyə” çalışıb. Odur ki, Haniyə İran prezidentindən Qəzza zolağında döyüşən qruplara dəstəyi davam etdirməyi xahiş edib.
Qeyd edək ki, İran Fələstinin HƏMAS hərəkatı, Livan “Hizbullah”ı, İraq İslami Müqaviməti və Yəmən Husilərin “Ənsar Allah” hərəkatı da daxil olmaqla, bir neçə silahlı qruplaşmanı bölgədəki müttəfiqləri hesab edir. Onların hamısı Qəzza zolağındakı müharibədə HƏMAS-ı dəstəkləyir.
//Samir Qurbanov, Editor.az