Atəşkəs razılaşması üzrə dolayı danışıqlar zamanı HƏMAS və İsrail girovların və fələstinli əsirlərin mübadiləsinin təfərrüatları barədə razılığa gələ bilmirlər.
Editor.az bildirir ki, bu barədə” The National” mənbələrə istinadən yazır. İsrail qoşunlarının Misir sərhədi yaxınlığında yerləşən Filadelfiya dəhlizindən uzun müddətə çıxarılmasını müzakirə edərkən də problemlər yaranıb. Nəşrin həmsöhbətlərinə görə, İsrail ilk mərhələdə İsrail həbsxanalarında uzun müddət cəza çəkən 200 fələstinlidən 70-ni azad etməkdən imtina edir.
Ümumilikdə HƏMAS 1 min məhbusun azad edilməsinə nail olmağı planlaşdırırdı. Bunun müqabilində yaraqlılar 60 günlük atəşkəs zamanı hər 48 saatdan bir olmaqla 20-30 girovu azad edəcəklərini vəd edirlər.
Bununla belə, İsrail israr edir ki, bu müddət ərzində bütün girovlar azad edilməlidir – Qəzza zolağında 101 israilli saxlanılır, onlardan 40-a yaxını ölü hesab olunur. HƏMAS hesab edir ki, bu, yalnız daimi atəşkəs və İsrail qoşunlarının çıxarılması ilə “hərtərəfli” razılaşma ilə mümkündür. Bu arada İsrail tərəfi İDF-nin gələcəkdə tərk etməli olacağı Filadelfiya dəhlizi ərazisində qoşunların çıxarılmasının vaxtını açıqlamaqdan imtina edir.
Xatırladaq ki, son günlər mətbuatda İsraillə HƏMAS arasında razılaşmanın yaxın günlərdə imzalana biləcəyi barədə məlumatlar yayılıb. HƏMAS ciddi güzəştlərə getib və İsraildən bütün hərbi əməliyyatları dayandırması və qoşunların Qəzza zolağından tamamilə çıxarılması tələbindən imtina edib. Sövdələşmənin bir neçə mərhələdə həyata keçiriləcəyi gözlənilir.
//Samir Qurbanov, Editor.az

