“Prezident İlham Əliyev Rusiya səfərindən sonra Gəncə, Daşkəsən, Naftalan və Goranboya səfəri çərçivəsində bir sıra tədbirlərdə iştirak etdi. Eyni zamanda , ötən gün Cənab Prezident Aztv-yə müsahibəsi zamanı xeyli önəmli mesajlar verdi”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O, bildirib ki, İlham Əliyevin müsahibəsində ən çox diqqət çəkən məqamlardan biri Laçın dəhlizindən qanunsuz şəkildə xarici avtomobillərin buraxılması və onlara erməni nömrələrinin yapışdırılması məsələsi oldu:
” Bu məsələyə hansı tərəfdən toxunulduğu hərkəsə bəllidir. İşğaldan azad olunmayan ərazilərdə yaşayan erməni əhalisinin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Ora süni şəkildə gətirilən əhalinin böyük hissəsi ərazini tərk edirlər. Azərbaycan öz ərazi yurisdiksiyasına uyğun olaraq yeni iqtisadi rayonlar yaratdı. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonu artıq yeni siyasi-hüqusi münasibətlər sistemini formalaşdırdı. Cənab Prezidentin də dediyi kimi artıq ” Dağlıq Qarabağ” termini yoxdur və status məsələsinə birdəfəlik son qoyulub”.
Politoloqun sözlərinə görə, bir sıra dövlətlər ermənilərə status verilməsi məsələsini gündəmə gətirməyə çalışırlar:
“ABŞ, Fransa və digər bir sıra dövlətlərdə bununla bağlı açıq və ya gizli şəkildə görüşlər keçirilir. Lakin ermənilərin Azərbaycan ərazisində status qazanması ilə bağlı fəaliyyətdə olan ermənilər və onların havadarları digər ölkələrdə kompakt yaşayan ermənilər üçün də status verilməsi haqqında fikirləşməlidirlər. Fransanın Marsel şəhəri və onun ətrafında yüz mindən çox erməni yaşayır. Elə status onlara verilsin. Bu daha məqsədə uyğundur, çünki sayları kifayət qədərdir. Eyni zamanda, ermənilər bizim ərazilərimizdə məskunlaşmamışdan qabaq həmin yerlərdə yaşayırdılar”.
İlyas Hüseynovun sözlərinə görə 10 noyabr tarixindən sonra Ermənistandan alınmalı olan təzminat ilə bağlı bir neçə dəfə bəyanatlar verilib:
” Prezident İlham Əliyev Azərbaycanın faydalı qazıntılarını istismar edən şirkətlərə qarşı da öz sərt fikirlərini səsləndirdi. Torpaqlarımız işğal altında qaldığı müddət ərzində Zəngilan və Kəlbəcərdə xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqları mövcud olub. Cənab Prezidentin də söylədiyi kimi Azərbaycan postmünaqişə dövründə bütün bu yataqlarla bağlı təhlillər aparıb və vurulmuş ziyan həmin şirkətlər tərəfindən öz xoşu ilə ödənilməlidir. Bu şirkətlər dünyanın digər ölkələrində bu gün də fəaliyyət göstərir. Azərbaycanın beynəlxalq məhkəmələrə müraciəti onların iş reputasiyasına ziyan vuracaq. Ona görə də Azərbaycan Prezidenti hər zaman olduğu kimi bu dəfə də qabaqcadan xəbərdarlığını etdi”.
“Prezidentin Azərbaycan Televiziyasına müsahibəsi zamanı verdiyi mesajlar çox vacibdir. Çünki Ermənistanın törətdiyi təxribatlarla bağlı əhalidə narahatlıq var. Cənab Prezident verdiyi mesajlarla bir daha bildirdi ki, Azərbaycan öz siyasi iradəsi, gücü, potensialı ilə yenidən bu təxribatların qarşısını alaraq hədəflərinə doğru irəliləyir”.
//Gülnarə Abasova, Editor.az

