“Əgər həqiqətən də Ermənistan tərəfi Azərbaycanın ərazisinin 86.6 min kv.km olduğunu tanıyırsa, o zaman Azərbaycanın işğal altında hələ də saxladığı 110 kv.m əraziyə malik 8 kəndini də geri qaytarmalı və həmin kəndlərdən silahlarını geri çəkməlidir. Kəndlər azad edilməyənə qədər Azərbaycanla Ermənistan arasında sülh sazişindən söhbət gedə bilməz”.
Bu sözləri Editor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bildirib ki, Azərbaycanın 7-si Qazaxa, 1-i Naxçıvana məxsus 8 kəndini 30 ildən artıq müddətdə işğal altında saxlayan Ermənistanın sülhlə bağlı bəyanatları ikiüzlülük və riyakarlığın göstəricisidir:
“Qarabağ probleminin tamamilə həll olunmasına baxmayaraq hələ də işğal altında olan 8 kəndin vətəndaşları öz doğma yurd-yuvalarına qayıdacağı günü gözləyir. Ermənistan tərəddüd etmədən torpaqlarımızı geri qaytarmaq üçün əməli addımlara başlamalı, bütün zəruri təhlükəsizlik tədbirləri görülməlidir. Bunlardan ən başlıcası həmin ərazilərdə basdırılan minaların təmizlənməsidir”.
//Gülnarə Abasova, Editor.az

