Həmin qüvvələr sülhməramlı deyil, erməniməramlıdır – Partiya sədribackend

Həmin qüvvələr sülhməramlı deyil, erməniməramlıdır – Partiya sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı birtərəfli fəaliyyəti Türkiyədə də narahatlığı getdikcə artırır. Türkiyə Xarici işlər naziri Mövlüd Çavuşoğlu mətbuata açıqlamasında diqqətə çatdırıb ki, Qarabağdakı Rusiya sülhməramlılarının statusuna dair anlaşmanın imzalanması vacibdir. O, Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə keçən şəxslərin sülhməramlılardan yox, Azərbaycandan icazə almalı olduğunu vurğulayıb.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, Rusiya sülhməramlıları Azərbaycan ərazilərində sülhməramlı missiyasına aid olmayan fəaliyyətlə məşğuldur:

“Bunu Prezident ifadə edib. Biz də müşahidə edirik. Həmin qüvvələr faktiki olaraq sülhməramlı yox, erməniməramlıdır. Orada olan həmin qüvvələr ermənilərin bizim ərazilərimizə yerləşdirilməsi ilə məşğuldur. Rusiya hərbi bazasının yaradılması üçün fəaliyyət göstərirlər. İki aydan çox olan müşahidələrimizə əsasən, onların niyyətinin nə olduğunu bilirik”.

Siyasətçinin sözlərinə görə, Rusiya sülhməramlılarının niyyəti ondan ibarətdir ki, Azərbaycan öz torpaqlarına nəzarət etmək imkanına malik olmasın və for-post Ermənistanda olan Rusiya hərbi bazasının funksiyasını Azərbaycan ərazilərində həyata keçirsin:

“Bu yolla həmin sülhməramlılar Azərbaycanın müttəfiqi olan və hərbi-siyasi proseslərdə Azərbaycana dəstək verən Türkiyənin ərazilərini hərbi nöqteyi-nəzərdən nəzarətdə saxlamaq üçün bir for-post əldə etmək istəyiblər. Burada heç bir sülhməramlı missiyadan söhbət gedə bilməz. Rus qoşunları Azərbaycan ərazisində sanki işğal missiyası yerinə yetirirlər. Mən hörmətli Mövlüd Çavuşoğlunun mövqeyini bölüşürəm, haqlı mövqedir. Arzu edirəm ki, Azərbaycan Xarici işlər naziri də Çavuşoğluya baxıb ibrət götürsün və ərazilərimizdə baş verən hadisələrə adekvat cavab versin”.

//Yenisabah.az