Həmkarlar İttifaqında yeni sədr, köhnə oyunlar – Sahib Məmmədova yeni ittihamlarbackend

Həmkarlar İttifaqında yeni sədr, köhnə oyunlar – Sahib Məmmədova yeni ittihamlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sahib Məmmədovun Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) sədr seçilməsi ötən ilin avqustunda ölkə gündəminə səs-küylü hadisə kimi düşdü. 30 ildən artıq müddətdə AHİK sistemini şəxsi maraqları naminə idarə edən, onu korrupsiya mənbəyinə çevirən Səttar Möhbalıyevin vəzifədən uzaqlaşdırılması və fəxri təqaüdçü statusu ilə təmin olunması cəmiyyətdə böyük ümidlər yaratmışdı. Onun dövründə “yollayışlar” (putyovkalar) əsasən yüksək vəzifəli şəxslərə verilirdi, qalan az hissəsi isə yalnız ciddi “əlavə ödənişlər” və uzun mübahisələrdən sonra ittifaq üzvlərinə çatırdı.

Editor.az bakunews.az-a istinadən xəbər verir ki, maraqlıdır ki, Səttar Möhbalıyev ömrü boyu bəlkə də bu qədər rəhmətlə anılmamışdı. Sahib Məmmədovun rəhbərliyə gəlişi isə, əksinə, onun fəaliyyət dövrünə müəyyən mənada “şükür etdirəcək” vəziyyət yaratdı. Əldə etdiyimiz dəqiq məlumatları təqdim edirik.

Sahib Məmmədov iqtisadçı kimi ilk növbədə vəsaitlərin idarə olunması və xərclənməsi mexanizmini qurmalı idi. Bu məqsədlə elektron qeydiyyat sistemi – hər bir ittifaq üzvünün birbaşa müraciət edərək “yollayış” əldə etməsinə imkan yaradan e-ahik.org platformasını istifadəyə verdi. Lakin görünən tərəfin arxasında ciddi maliyyə maxinasiyaları dayanırdı. Belə ki, platformanın yaradılması üçün yüz minlərlə manat vəsait Məmmədovun yaxın çevrəsinə aid şirkətlərə köçürülərək ilk korrupsiya sxemləri icra olunmağa başladı.

Bu prosesdə diqqətçəkən məqamlardan biri isə Sahib Məmmədovun qaynanasının xahişi ilə 60 saylı məktəbdə direktor vəzifəsindən maliyyə fırıldaqlarına görə işdən çıxarılmış Emiliya Səfərəliyevanı məhz “yollayış alverinin” təşkilinə gətirməsi oldu. Ona nəzarəti isə Məmmədov özünə yaxın tanışı Elkiyar Ziyadova həvalə etdi. Maraqlıdır ki, Elkiyar Ziyadov eyni anda üç vəzifə tutur: sədrin müşaviri, Mədəniyyət Həmkarlar İttifaqının sədri və “Kurort” şirkətinin rəhbəri. Bu, Əmək Məcəlləsinə birbaşa ziddir.

Yay mövsümündə artıq bir milyondan çox ittifaq üzvünün maliyyə maxinasiyalarını aşkara çıxardığını anlayan Sahib Məmmədov “B planına” keçdi. Belə ki, heç bir səsvermə keçirilmədən, Həmkarlar İttifaqları haqqında Qanunun tələbləri pozularaq onun müşaviri, fəaliyyəti ilə artıq AHİK sistemində narazılıq doğuran Nigar Vahabzadə gizli şəkildə Azərbaycan Turizm və Ekskursiyalar Şurasına sədr təyin edildi.

Qeyd edək ki, əgər məsələ Məclisin açıq müzakirəsinə çıxarılsaydı, onun bu vəzifəyə seçilməsinə razılıq verilməyəcəyi şübhəsiz idi.

Emiliya Səfərəliyevanın yay aylarında xüsusi ilə özəl otellərə kvotadan artıq yollayışlar verməsi nəticəsində AHİK-in külli miqdarda borcları yaranıb. Bu borcların ödənilməsi məqsədilə hazırda ilk həmkarlar ittifaqlarından böyük məbləğdə vəsaitlər Konfederasiyaya köçürülür.

Hazırda Emiliya Səfərəliyevanın qurduğu maliyyə sxeminin ifşa olunması təhlükəsini nəzərə alan Sahib Məmmədov “yollayış biznesi”ni özünün ən etibar etdiyi müşaviri Nigar Vahabzadəyə tapşırıb. Növbəti mərhələlərdə Nigar xanımın bu işin öhdəsindən necə gələcəyi müşahidə olunacaq və nəticədə bütün niyyətlər tam açıq şəkildə ortaya çıxacaq. Çünki burada məqsəd eyni, icraçılar isə fərqlidir.

//Bakunews.az