“30 ilə yaxın davam edən Azərbaycan- Ermənistan münaqişəsi müddətində biz şahidi olduq ki, beynəlxalq münasibətlər sistemində hər bir ölkə əsl həqiqətlərdən aslı olmayaraq yalnız öz həqiqətinə inandı. ATƏT-in Minsk qrupu həmsədrləri də belə ölkələrdəndir. Bu qrupa daxil olan ABŞ, Rusiya və Fransa BMT-nin onlara verdiyi mandat əsasında Minsk qrupuna həmsədrlik edirlər və onların vəzifəsi beynəlxalq hüququn yerinə yetirilməsi ilə bağlı tələblərin icrasını təmin etməkdən ibarətdir. Lakin göründüyü kimi, 1992-ci ildən 2020-ci ilə qədər ATƏT-in Minsk qrupu çərçivəsində davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz gücünə ərazi bütövlüyünü bərpa etdi”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Millət vəkili bildirib ki, 9-10 iyul 2021-ci il tarixində xarici ölkə səfirlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri ilə bağlı təklifdən ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin səfirlərinin imtina etməsi həmsədr ölkələrin bu günə qədər olan Qarabağ probleminin həllində göstərdikləri fəaliyyətsizliyin bir nümunəsidir:
“Necə ki bu qurum 30 -ə yaxın aparılmış danışıqlar müddətində beynəlxalq hüququn tələblərinə uyğun olaraq qərarlar qəbul etmədi və diplomatiyanın imkanlarını səfərbər edərək Qarabağ probleminin həllinə nail olmadı. Bu gün də Azərbaycan öz hüquqlarını bərpa edərək torpaqlarını işğaldan azad etdikdən sonra həmsədrlər həmin ərazilərə təşkil olunmuş səfərdən imtina etdilər. Buradan belə nəticəyə gəlmək olur ki, ATƏT- in Minsk qrupunun həmsədr ölkələri elə əvvəldən problemin həllində maraqlı olmayıb. Əks təqdirdə onlar öz vəzifələrini icra edərək təşkil olunmuş səfərdə böyük məmnuniyyətlə iştirak edərdilər. Düşünürəm ki, sözügedən üç həmsədr ölkənin səfirlərinin bu cür davranışları Azərbaycan ictimaiyyətini heç də təəccübləndirməməlidir. Çünki biz bu ölkələrin fəaliyyətinin səmərəsizliyinin kifayət qədər şahidi olmuşuq və onların sərgilədiyi mövqe Azərbaycan hökuməti, ictimaiyyəti tərəfindən dəfələrlə qınaq obyektinə çevrilib”.
Hikmət Babaoğlunun sözlərinə gorə, Rusiya, ABŞ və Fransa diplomatlarının təşkil olunmuş səfərdən imtina etməsi onu göstərir ki, onlar özlərində cəsarət taparaq Azərbaycanın yaratdığı yeni reallıqları hələ də qəbul edə bilmirlər:
“Onların bu davranışı beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyü prinsiplərinə hörmətsizliyin növbəti təzahürüdür”.
//Gülnarə Abasova, Editor.az

