Müğənnilərin, aktrisaların sənətlərindən daha çox şəxsi həyatı, getdiyi yerlər, paylaşdıqları fotolar cəmiyyətdə həmişə müzakirə mövzusudur. Onların demək olar ki, hər addımına “mız” qoyan, tənqid edən mütləq tapılır.
Bu nə ilə bağlıdır? Məşhurlar bununla necə başa çıxırlar?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan aktrisa Sonaxanım Əliyeva bunu məşhurların daha çox göz önündə olması ilə əlaqələndirib:
“Məşhurların hər addımında, hər oturuşuna-duruşunda “əmma” tapanlar olur. Sadəcə olaraq onlar göz önündədirlər deyə, bəzi insanların gözünə girirlər. Amma tənqid, bəzən hətta təhqir edən insanlar bir balaca çevrilib öz həyatlarına, öz yaxınlarının, dostlarının, rəfiqələrinin həyatlarına baxsınlar. Görsünlər ki, özləri hansı addımları atır və real həyatda nələr edirlər.
Sosial şəbəkələrdə daim məşhurları tənqid, təhqir edənlər boş-bekar insanlardır. Məncə, insanın bir işi, məqsədi, yaxud bir məşğuliyyəti varsa, həyatına daha çox önəm verir. Belə insanlar kiminlə oturub-durduğuna, kimlə danışdığına baxar, nəinki kənardakıları müzakirə edər. Hər kəs zəhmət çəkib öz qabına baxsın. Bu sözü boş yerə demədim, bəzən insanlar öz yediyi qaba baxmaq əvəzinə, onun-bunun qabına baxır ki, görüm nə yeyir, nə qədər yeyir”.
Aktrisa özü haqqında yazılan mənfi rəyləri qulaqardına vurduğunu deyib. O, durmadan tənqidi, hətta təhqir dolu şərh yazanları işsiz-gücsüz, məqsədsiz insan adlandırıb:
“Mənfi rəylərin mənə təsir edib-etməməsinə gəlincə, bu sözləri heç öz ünvanıma götürmürəm, sadəcə qulaqardına vururam. Çünki özüm, yaxınlarım bilir ki, necəyəm, nəyəm. Əsas da Uca Rəbbim bilir, qalanları məni bir o qədər də düşündürmür. Kimsə haqqımda mənfi, yaxud müsbət dedi-demədi, ürəyimə salmıram.
Bilirsiniz, heç bir sənət adamı deyə bilməz ki, hamı onu çox istəyir, bu mümkün deyil. Bizi istəyənlər kimi, istəməyənlər də var. Məni istəyən, istəməyən hər kəsə can sağlığı arzu edirəm. Təki hamının canı sağlam olsun, problemləri yox, çalışacağı işi o qədər bol olsun ki, başqalarının həyatı geridə qalsın”.

