“10 noyabr 2020-ci il tarixli bəyanat bəndlərdən birində göstərilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Bu silahlı qüvvələr Muxtarkənd, Şuşakənd, Kəlbəcər və Laçın rayonlarının şərq hissəsində yerləşdirilir, deməli, Ermənistan üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur, ərazilərimizdə müvəqqəti yerləşdirilən sülhməramlılar da buna göz görə-görə şərait yaradırlar”.
Bu sözləri Editor.az-a açıqlamasınsa politoloq Şəbnəm Həsənova deyib.

O, bildirib ki, bunun rəsmi şəkildə Müdafiə Nazirliyi tərəfindən verilən bəyanatda da bildirilməsi sübut edir ki, Azərbaycan heç kimdən çəkinmir, hər xırda detaldan xəbəri var, hər şeyi görür:
“Bizim hər an antiterror və hərbi əməliyyatlar keçirmək hüququmuz və gücümüz mövcuddur. Orada erməni qüvvələrinin qalığı belə qalmalı deyil. Tamamilə ərazi təmizlənməlidir. Vəziyyəti irəliyə doğru aparmaqdansa geriyə çəkərək, şüurlu və məqsədyönlü olaraq yeni erməni postlarının qurulmasına icazə vermək nə deməkdir? Bu həm imzalanan bəyanatlara, həm də üzərlərinə götürdükləri öhdəliklərə ziddir. Məlum məsələdir ki, bu qüvvələr də özbaşına yerləşdirilmir. O zaman ilk növbədə yerləşdirilənlərin başında dayananlar bu işə son qoymalıdır.
Azərbaycan heç bir xırda hala göz yummur və fikirimizi açıq və rəsmi şəkildə bildiririk. Həm Müdafiə Nazirliyimiz bu bəyanatı yayır, həm də xalqımız bu kimi hallardan xəbərdardır. Şübhəsiz ki, biz də bunlara qarşı müvafiq qaydada tədbirlər həyata keçiririk. Azərbaycan lazım olan addımlar atır. Bu addımların arxasında isə konkret iş dayanır. Heç bir qüvvə bizi tutduğumuz yoldan döndərə bilməz”.
Politoqun sözlərinə görə, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib, 44 gün ərzində hərbi gücümüzü, xalq olaraq birliyimizi bütün dünyaya nümayiş etdirdik:
“Əgər indiyə kimi bütün bu narazılıqlar diplomatik kanallar vasitəsilə şifahi şəkildə bildirilirdisə, indi rəsmi olaraq bəyanatlar verməklə Azərbaycan tərəfi olaraq qətiyyətimizi ortaya qoyuruq. 44 günlük Vətən müharibəsində Azərbaycanın qətiyyətli mövqeyi hər bir provokativ dairəyə aydın və dərs olmalıdır”.
//Gülnarə Abasova, Editor.az

