“Artıq 2 ildən artıq davam edən COVİD-19 pandemiyası kifayət qədər insanı virusa yoluxdurdu. Bütün dünya ciddi sınaq keçdi. Bu gün ölkəmizdə gün ərzində 7 mindən artıq yoluxma olur, lakin bu, insanlar arasında əvvəlki kimi ajotaj yaratmır”.
Bu sözləri Editor.az-a açıqlamasında həkim-pulmonoloq Əsəd Beydullayev deyib.

Həkimin sözlərinə görə, pandemiyanın ilk vaxtlarında virusu yüngül keçirən xəstələr test verməkdən boyun qaçırırdı:
” Hal-hazırda isə koronavirusun müalicəsinin əlçatanlığına inanıb test verənlərin sayı daha çoxdur. Eyni zamanda, ayrı-ayrı müəssisələrdə çalışanlarda virusun ən kiçik əlaməti hiss olunduqda tez-tez götürülən testlər xəstə sayını daha obyektiv olaraq ortaya çıxarır. Ona görə yoluxma sayı hər gün 7 mini keçir, lakin virusa yoluxanların vəziyyəti daha yüngüldür. İndi yoluxanlar arasında tək-tük insanlar xəstəliyi ağır keçirir. Pandemiyanın ilkin dövrlərində ağciyər həkimlərinin yalnız bir qismi bu xəstəliklə məşğul olurdusa, indi maariflənmə işləri yetərincə artıb və həkimlərin böyük əksəriyyəti bu xəstəliklə mübarizədə köməklik göstərə bilirlər. Tibb bacıları da yüngül hallarda təlimatların verilməsi və izlənməsinə nəzarət edə bilirlər, nəticədə bu da işin böyük hissəsinin yüngül başa gəlməsinə gətirib çıxarır”.
Ə. Beydullayev qeyd edib ki, ölkəmizdə koronavirusla mübarizədə maarifləndirmə işləri daha da genişlənib:
” Şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etmək, dərmanların qəbulu ilə bağlı maarifləndirmə işləri, insanların xəstəliyə daha obyektiv yanaşması ajiotajın azalmasına səbəb olub. İnsanlar arasında son dövrlərdə xəstəliklə bağlı belə bir fikir yayılıb ki, koronavirusun bu son “Omicron” ştammı əvvəlki kimi ağır keçmir, yalnız boğaz, öskürək ağrısı ilə bitir. Bu məsələdə də müəyyən mənada həqiqət var. Ölkədə aparılan sürətli vaksinasiya prosesi xəstəliyin daha da yüngülləşməsinə səbəb oldu. Digər tərəfdən yoluxub sağalanlarda virusa qarşı güclü immunitet yarandı. Virusa qarşı tədbirlərin sərtləşdirilməməsinin də əsas səbəbi xəstəliyin daha yüngül keçməsidir. Çünki artıq panikaya ehtiyac yoxdur. Panikanın yaranmaması isə çox önəmlidir. Çünki virusa yoluxan xəstələrin vəziyyətinin ağırlaşmasına səbəb bir çox halda qorxu- həyəcan olur. İndi isə artıq biz müşahidə edirik ki, cəmiyyətimiz koronavirusdan əvvəlki kimi qorxmur. Virusa qarşı sağlam, daha güclü mübarizənin aparılması göz qabağındadır. Sanitariya-gigiyena qaydalarına əməl etmək, sosial məsafəni qorumaq, maskadan hər kəsin istifadə etməsi və ictimai yerlərdə bu proseslərə ciddi nəzarətin olması öz nəticəsini verdi. 7 min yoluxma və bunun müqabilində əvvəlki kimi sərt tədbirlərə ehtiyacın olmaması ağırlaşan xəstə sayının xeyli aşağı düşməsinin nəticəsidir. Odur ki, önümüzdəki günlərdə bu bəlaya yoluxanların sayı azalacaq. Ümid edirik ki, cəmiyyətimizdə koronavirus hesabına qazanılan sağlamlıq tədbirləri bu virusdan əvvəl də əziyyət çəkdiyimiz xəstəliklərin azalmasına kömək edəcək”.
//Gülnarə Abasova, Editor.az

