“Hər iki ölkənin  Azərbaycana münasibətdə eyni tezislərlə təcavüzkar informasiya siyasəti təsadüf ola bilməz”- Deputatdan AÇIQLAMAbackend

“Hər iki ölkənin  Azərbaycana münasibətdə eyni tezislərlə təcavüzkar informasiya siyasəti təsadüf ola bilməz”- Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran-Rusiya münasibətləri bu ölkələrin daxili işləridir, onlar üçün indiki mürəkkəb məqamda birinin digərinin mənafeyini zədələyəcəyi inandırıcı deyil”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Onun sözlərinə görə, hər iki ölkənin   Azərbaycana münasibətdə eyni tezislərlə təcavüzkar informasiya siyasəti təsadüf ola bilməz:

“Hesab edirəm, bu, araşdırma mövzusudur və yalnız ciddi təhlillərdən sonra bu məsələyə dair qəti fikir söylənməlidir. O ki, qaldı cənub qonşumuzun hazırkı vəziyyətinə, İranda baş verənləri Tehranın daxili işi hesab etmək olardı, amma söhbət təməl insan hüquqlarının pozulmasından gedirsə, baş verənlər fonunda isə hüquqları iki qat pozulanlar 35 milyonluq azərbaycanlılardırsa, bu, bizi ciddi narahat etməlidir və edir də… İşğal altında olmuş ərazilərimizdə uzun illər separatizmə dəstək verən, işğalçını sözün əsl mənasında ayaqda tutan, bu gün də təcavüzkar  davranışlardan əl çəkməyən İranın indi kimisə onun daxili işlərinə qarışmaqda ittiham etməyə haqqı yoxdur”.

Millət vəkili qeyd edib ki, Azərbaycan İranın dövlət mənafeləri, milli maraqları ilə bağlı addımları müzakirə etmir, Tehranın suveren hüquqlarını sual altına qoymur:

“Amma əgər atılan addım digər dövlətin və ya dövlətlərin təhlükəsizliyi üçün təhdid həddinə çatırsa, artıq hər hansı suveren haqlardan danışmağa dəyməz. Bu mənada İranın Azərbaycanla sərhədboyu təlimləri, o cümlədən, Cənubi Azərbaycanda soydaşlarımıza qarşı dövlət səviyyəsində repressiyalar Tehranın daxili işi, suveren məsələləri hesab oluna bilməz və dünya birliyi BMT Nizamnaməsi, 1948-ci il Bəyannaməsi, habelə 1984-cü il İşgəncələr əleyhinə Konvensiyanın müddəalarını rəhbər tutaraq dərhal bu prosesə müdaxilə etməlidir”.

//Safura Bənnayeva, Editor.az