“Avqustun 5-də Rusiya xarici işlər naziri Rusiyaya, Ermənistan müdafiə naziri ABŞ-a gedib. Bu hadisələrin eyni vaxtda olması diqqətçəkən məqamdır və təsadüfi hal deyil”.
Bu fikirləri Editor.az-a açıqlama verən siyasi analitik Kənan Novruzov bildirib.

Onun sözlərinə görə, iki səfər də Brüssel görüşündən sonra baş verdi:
“ Rusiyanın narahatlığı məlumdur. Brüssel görüşündən sonra Rusiyanın prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə danışdı. Ondan əvvəl də iki dəfə Paşinyanla danışmasının şahidi olmuşuq. Moskva regionda suların durulmasını istəmir. Kreml rəhbərliyi də anlayır ki, hazırda İrəvanın yürütdüyü siyasət Moskvanın maraqlarına uyğun deyil. Danışıqlar nəticəsində Ermənistana müəyyən təlimatlar verilə bilər. Eyni zamanda, Qərb də Rusiyanın Ermənistana təzyiqlərini başa düşür və ona görə də Qərb Ermənistanı öz tərəfinə çəkməyə çalışır. Ermənistan hərbi-siyasi rəhbərliyi indi iradə nümayiş etdirməlidir. Əgər həmin iradəni sona qədər nümayiş etdirə bilsə, regionda vəziyyət yaxşılaşa bilər”.
Politoloq bildirir ki, Paşinyan özü də yekun sülh müqaviləsində maraqlıdır:
“Paşinyan ağıllı siyasətçidir, əks halda indiyə qədər hakimiyyətdə qalmağı bacarmazdı. Regional sülhdə Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasında maraqlıdır. Türkiyə Ermənistanın gələcək dövlətçiliyi üçün olduqca əhəmiyyətlidir. Amma bu münasibətlərin normallaşması Ermənistanın qarşısına müəyyən şərtlər qoyur. Belə olan halda Rusiyanın təzyiqləri də artır. Rusiyanın təzyiqləri artdıqca Ermənistanın bundan qorxub geri çəkilmək ehtimalı da yüksəkdir. Belə olan halda Qərb Ermənistanın geri çəkilməsinə mane olur. Bu prosesləri təsadüf hesab etmək olmaz. Hər iki səfərdə Cənubi Qafqaz məsələsi əsas mövzu olacaq və Rusiyanın Ermənistana təzyiqləri artacaq”.
//Safura Bənnayeva, Editor.az

