“Hər iki tərəfin güzəştə getməkdən başqa şansı yoxdur” – AÇIQLAMA- ÖZƏLbackend

“Hər iki tərəfin güzəştə getməkdən başqa şansı yoxdur” – AÇIQLAMA- ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“24 fevral 2022 -ci il tarixindən Rusiyanın Ukraynaya başlatdığı hərbi müdaxilə artıq əvvəlcədən hesablanmış hədəflərinə çatıb. Rus ordusunun əsas məqsədi Donetsk, Luqansk, Mariupol, Xersonu ələ keçirmək və Krıma quru yolu açmaqdan ibarət idi. Eyni zamanda, Rusiya Xarkovun və Kiyevin mühasirəsi ilə Ukraynanı gərginlikdə saxlayıb Avropanı qaçqın axını ilə titrətmək məqsədinə də nail oldu. Artıq milyonlarla qaçqın Avropadadır. Bu da Rusiyanın ən başlıca hədəflərindən biri idi. Bu hadisə Avropada sosial-iqtisadi vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloq bildirib ki, Ukrayna Qərbin vədlərinə aldanaraq böyük geopolitik oyunda tarana getdi:

“Qərbin 24 fevrala qədər vəd etdiyi genişmiqyaslı dəstəyin Ukraynaya verilmədiyinin şahidi olduq. Demək olar ki, Ukrayna xalqı və dövləti aldadıldı. Bu da göründüyü kimi, Ukrayna üçün gözləmədikləri nəticələrə səbəb oldu. Müharibənin başlanmasından bir qədər sonra Fransa Prezidenti Makronun müharibənin uzun çəkəcəyi ilə bağlı bəyanatı, bu yaxınlarda Almaniya Prezidentinin alman xalqını daha çətin günlərə hazır olmağa səsləməsi, eyni zamanda ABŞ prezidenti Baydenin Rusiya Prezidenti ilə bağlı təhrikedici bəyanatları müharibənin hələ uzun davam edəcəyindən xəbər verir”.

Politoloq dünən İstanbulda keçirilən Rusiya-Ukrayna nümayəndə heyətlərinin danışıqlarının nəticələrini də şərh edib:

“Türkiyənin belə bir ərəfədə dövriyyəyə girməsi bölgədə sülh və sabitliyin təmin olunması üçün son ümiddir. Türkiyənin regionda və dünyada söz sahibi olduğu, Rəcəb Tayyib Ərdoğanın etibarlı bir lider olduğu bir zamanda belə bir vasitəçilik missiyasının müsbət nəticə verəcəyi dünyada ümidlə qarşılanır. Türkiyə Cümhuriyyəti bununla çox çətin və məsuliyyətli bir işə imza atdı. Əgər Türkiyənin vasitəçilik missiyası daha öncədən qəbul olunmuş olsa idi, müharibə bu qədər uzanmazdı. Türkiyədə keçirilən Ukrayna-Rusiya nümayəndə heyətlərinin son görüşünün nəticələri ilə bağlı xəbərlər müsbətdir. Konkret nəticələr mətbuata açıqlanmasa da Türkiyə bu məsələdə hər iki tərəfin güzəştə getməsi ilə bağlı təkliflərlə çıxış edir. Donetsk və Luqansk, Krımın itirilməsi artıq realdır. Ona görə də Ukrayna hakimiyyəti Qərbin dəstəyinin gözlənildiyi kimi olmadığını gördükdən sonra xalqı və dövlətini xilas etmək naminə ciddi güzəştlərə getmək məcburiyyətindədir. Hesab edirəm ki, Ukrayna bu güzəştlərə gedəcək, başqa şans yoxdur. Eyni zamanda, Rusiyanın da müəyyən güzəştlərə gedəcəyi ilə bağlı ehtimallar var. Bunu reallaşdıran müəyyən faktorlar var. Kiyev və Çerniqov ətrafında Rusiyanın xeyli geri çəkilməsi, yeni əməliyyatların olmayacağı Rusiyanın bəzi güzəştli addımlara gedəcəyinə işarə edir”.

F. Məhərrəmlinin sözlərinə görə Türkiyə Prezidentinin təklifləri hər iki tərəf üçün məqbul hesab olunur:

“Bu təkliflərin diqqətə alınması vacibdir. Regionda, xüsusən də Qara dəniz hövzəsində sülhün və sabitliyin görünən yeganə təminatçısı Türkiyə dövlətidir. Qərbin bütün provakativ addımlarına rəğmən Türkiyənin vasitəçilik missiyası uğurla baş tutarsa, o zaman regionda sülhün bərqərar olacağına ümid etmək olar”.

//Gülnarə Abasova, Editor.az