“Hər ikisi xarici sifarişləri icra edir”backend

“Hər ikisi xarici sifarişləri icra edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan üzrə ixtisaslaşmış təxribat şəbəkəsində daxili ziddiyyət yaranıb.

ABŞ-dən yönləndirilən qrupun “media qanadı” ilə “siyasi qanad” arasında anlaşmazlıq var. Bu durum qrupun lokomotivlərindən olan “Osmanqızı TV”nin efirində daha aydın görünür. Sevinc Osmanqızı fəaliyyətdə olduğu 7 il ərzində ilk dəfə “ehkamları” pozub, son 5 ayda “radikal müxalifət” təmsilçilərini də hədəfə çevirib. İş o yerə çatıb ki, 2 həftə öncə efirə getmiş “Aktiv, yoxsa passiv boykot?” adlı verilişdə Əli Kərimlini açıq tekstlə təhqir edib. “Cəbhəçilərin” əks cavabları da eyni ritorika üzərində köklənib. Qarşı tərəfi aşağılamaq üçün ən vulqar ifadələr seçilib.

Hansı ki, AXCP  “Osmanqızı TV” yaranan gündən onun sabit auditoriyası olub. Qarşılığında isə bu TV cəbhəçilərin heç kim tərəfindən qəbul edilməyən cəfəng fikirlərinə tribuna verib.

Sirr deyil ki, həm “Osmanqızı TV”, həm də AXCP-nin təmsil olduğu şəbəkə ABŞ fondlarından ötürülən maliyyə üzərində dayanıb. Fəaliyyətləri böyük mənada bu fondlardan gələn sifarişlərin reallaşdırılmasına həsr edilib. İndiki halda bu iki qanad arasında baş qaldıran konfrantasiyanın səbəbləri maraqlıdır. Detallara baxanda hər iki qanadın mahiyyəti açılır.

Motivi budur ki, ABŞ 2023-cü ilin 19 sentyabrında Azərbaycan tərəfindən reallaşdırılmış və uğurla yekunlaşdırılmış antiterror tədbirlərindən narazı qalıb. Onun Xankəndi üzərində qurulan planları pozulub. Təzyiqləri artırmaq,  Azərbaycanı geri addım atmağa məcbur etmək üçün düyməni basıb. Təzyiq kampaniyasında müxtəlif komponentlər rol alır. Rəsmi strukturlardan başlamış peyk QHT və KİV-lərə qədər hər kəs səfərbər olunub. Məsələn, Dövlət katibinin köməkçisi Ceyms O’Braynın dilindən səsləndirilən, guya “Azərbaycanın Ermənistan ərazilərini işğal etməyə hazırlaşdığını, bu səbəbdən ABŞ ilə Azərbaycan arasında yüksək səviyyəli təmasların kəsilməli olduğunu” ehtiva edən açıqlama qeyd edilən prosesin fonunda ortaya çıxıb.  Yaxud, Dövlət Departamenti “Dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabat” hazırlayarkən, Azərbaycanın adını neqativ tonda çəkib.

İşin bir qolu da təbliğat maşının üzərində qurulub. Qrantla bəslənilən “KİV”lər, “QHT”lər, “siyasi partiyalar” hərəkətə gətirilib. Azərbaycanın adını ləkələmək üçün onlara istənilən variantdan yararlanmaq tapşırılıb. Bu kontekstdə Qarabağ zəfəri üzərində manipulyasiyalar etmək ideyası da var. Tezisləri budur ki, Qarabağda qazanılmış zəfərin  Azərbaycana aidiyyatı yoxdur. Guya ki, torpaqların işğaldan azad edilməsi beynəlxalq güclərin  regional qarşıdurması fonunda baş tutub. Bu mənada daha çox Rusiya faktorunu qabardırlar.

Qeyd etdiyimiz 2 nümunədən görünür ki, şəbəkənin  fikirləri haçalanır. Bir tərəfdən Azərbaycanı aşırı hərbi güc tətbiq etməkdə, Ermənistanı sıxışdırmaqda ittiham edirlər və ölkəmizi sanksiyalarla hədələyirlər. Digər yanadan isə əksinə, Qarabağ problemini öz gücümüzlə həll etdiyimizi şübhəyə alırlar. ABŞ-dən yönləndirilən, Azərbaycanı hədəf alan təbliğat bu cür ziddiyyətli tezislərlə zəngindir. Şəbəkənin “media qanadı” ilə “siyasi qanad” arasında yaranmış son konfrantasiya da bu nöqtədən başlayır.

“Siyasi qanad” təklif edir ki, Azərbaycanın Qarabağ zəfəri tam olaraq deyil, ayrı-ayrı komponentlər üzrə şübhəyə alınsın. Konkret olaraq, qələbənin qazanılmasında hakimiyyətin rolu inkar edilsin. Əli Kərimli açıq tekstlə etiraf edir ki, “Qarabağda qazanılmış zəfəri ümumilikdə inkar edərlərsə, həmin zəfəri öz qanları ilə təmin etmiş 3 min şəhidin nə üçün qurban getdiyini izah edə bilməzlər. Yekunda xalqın qəzəbinə tuş gələrlər”.

Bir sözlə, “radikal düşərgə” Qarabağ zəfərini bütövlükdə inkar edəcəyi təqdirdə xalq tərəfindən daş-qalaq olunacağından ehtiyatlanır.

Alternativ variant kimi zəfərin qazanılmasına öndərlik etmiş  Ali Baş Komandanın rolunu danmağı təklif edir.

Amma bu ideya özünü doğrultmur.  “Ali Baş Komandanın iradəsi olmadan ordunun modern silahlanması, döyüşə girməsi, qələbə qazanması” versiyası  rasional görünmür. “Osmanqızı TV” bu cür absurdların  üzə çıxmaması üçün rəngləri daha da tündləşdirir, Qarabağ zəfərini  kökündən inkar etmək yolunu tutur. Onun nəzərində kiminsə  xalqın qəzəbinə tuş gəlməsinin, daş-qalaq edilməsinin fərqi yoxdur. Tək qayğısı odur ki, ABŞ-dəki himayədarları razı qalsınlar, yeni qrantlar versinlər.

Beləliklə, şəbəkənin iki qanadı arasındakı ziddiyyətinin kökü milli-ictimai maraqlar üzərində deyil. Hər ikisi xarici sifarişləri icra edirlər. Sadəcə sifarişi icra etməyin formasını razılaşa bilmirlər.

Azərbaycanlı adı ilə efirə çıxarılan erməni mənşəlilər

Sabit auditoriya  ilə qarşıdurmaya getməsi “Osmanqızı TV”yə ciddi problemlər yaratmayıb. Sahibləri onun üçün yeni kontingent formalaşdırıblar. Müşahidələr göstərir ki, “Osmanqızı TV”nin yeni “ekspert korpusu” erməni qarışığı olan, hibrid ailələri təmsil edən şəxslərdən  formalaşdırılır. Məsələn, “Həftəsonu” proqramları bir qayda olaraq  Beydulla  Manafın şərhləri üzərində qurulur. Amma 31 iyul 2022-ci ildə efirə gedən “Böyük siyasət adlı tamaşanın rejissor, aktyor və izləyiciləri” adlı proqramda  Beydulla Manaf özü  etiraf etiraf edir ki, onun ailəsi erməni mənşəlidir:

“Həyat yoldaşı və uşaqları erməni mənşəli olduğu üçün 1990-cı illərdə Azərbaycanı tərk edib”.

“Osmanqızı TV”nin digər eksperti  Arif Yunusun  bioqrafiyası da bu qəbildəndir.

Arif və Leyla Yunusların erməni qarışığı olan ailələri təmsil etmələri barədə Azərbaycan KİV-lərində yetərincə materiallar dərc edilib. Təbii ki, belə ailələrin sayı çoxdur. Statistikaya görə,  Qarabağ münaqişəsinin davam etdiyi dövrdə  ölkəmizdə 30 minə qədər erməni qarışığı olan ailələr yaşayıb. Heç kimsə də onlara toxunmayıb, problem yaşanmayıb.

Problem ermənipərəst mövqe sərgiləyənlərdə, erməni mənşəyinə söykənib Azərbaycana qarşı savaş aparanlardadır. Beydulla Manaf “Osmanqızı TV”nin efirində “Qarabağ zəfərini dilinə gətirənlərin üzünü söyür”, aparıcı isə onu alqışlayır. Arif Yunus isə özü qeyd deyir ki, ABŞ Dövlət Departamenti tərəfindən açıqlanan “Dünya ölkələrində dini azadlıqların vəziyyəti üzrə hesabat”ın  Azərbaycana aid hissəsinin hazırlanmasında iştirak edib. Bu hesabatda ölkəmizin adının neqativ tonda çəkilməsi üçün çalışıb. Nəzərə alaq ki, Dövlət Departamenti  adından açıqlanan hesabatın Azərbayacana aid olan hissəsinin cavabdehliyi  Daniela Aşbaxyan adlı erməninin sədr olduğu komissiyaya həvalə edilib. Arif Yunus isə onun köməkçisinə çevrilib. Daniela Aşbaxyan Amerika Erməni Assambleyasının  vəzifəli şəxslırimdən biri olub.

Beləliklə,  sıra tamamlanır. Aydın olur ki, ABŞ-yə bağlı layihələrdə erməni mənşəlilərin önə çəkilməsi, Azərbaycan üzrə “ekspertə çevrilməsi”  tendensiyası təkcə “Osmanqızı TV” üçün xarakterik deyil. Bu prinsip  ABŞ-dən yönləndirilən antiAzərbaycan  şəbəkənin bütün komponentləri üçün keçərlidir.

Məsələn,  “JAMnews” bütövlükdə Qafqaz regionunu əhatəyə alan  xəbər portalıdır. Yaranış bəyannaməsində qeyd edir ki, “Qafqazın hər yerindən olan peşəkar jurnalistləri öz çevrəsində birləşdirir. İzləyicilərə Qafqaz ölkələri barədə obyektiv, qərəzsiz məlumatlar çatdırır”. Zahirən, xoş təəssürat yaradan sözlərdir. Amma “JAMnews”un informasiya siyasəti göstərir ki, onun qurucularının  məqsəd və məramı fərqlidir. Bircə faktı qeyd edək ki, portalda “Dağlıq Qarabağ” regionu müstəqil  subyekt kimi göstərilir.

“Nagorno Karabakh” kateqoriyası  üzrə xəbərlər bu gün də yenilənir.

 “JAMnews” un səhifələri büsbütün antiAzərbaycan ovqatlıdır. Orada hər çeşidli şər və böhtana rast gəlmək mümkündür.

Üzərində dayanmağımızın səbəbi odur ki,   “JAMnews”un maliyyə qaynaqları böyük mənada ABŞ fondlarına bağlıdır.  ABŞ-nin Gürcüstandakı səfirliyi, Milli Demokratiya Fondu və digərləri  bu portalın maliyyəçisi qismində çıxış edirlər.

“JAMnews”un simasında öz  istəklərini ifadə edirlər. Qarabağı hələ də müstəqil qurum kimi görmək arzularını büruzə verirlər.

İmkanları daralıb, ümidləri “Hamam Times”ə qalıb

ABŞ-yə bağlı olan şəbəkəsinin fəaliyyəti Azərbaycanda ifşa edilib. Formalaşma və maliyyələşmə mexanizmləri, ideya qaynaqları, ictimai rəyi çaşdırmaq metodları öyrənilib. ərərsizləşdirilmələri üçün addımlar atılıb. Azərbaycan qanunlarının işlədiyi çevrədə şəbəkə üzvləri barədə hüquqi ölçülər götürülüb. “Abzas Media” komandası  ətrafında cərəyan edən hadisələr bu mənada örnəkdir.

Amma onlar da sakit durmayıblar. Varlıqlarını sürdürmək üçün yeni variantlar tətbiq edirlər. Şəbəkənin Azərbaycan sərhədlərindən xaricdə məskunlaşdırılmış üzvlərinin  imkanlarını artırırlar. Sayları, sıraları genişləndirilir. Daxildə olanları isə maskalayırlar. Hüquqi məsuliyyətdən yayındırmağa çalışırlar.

Məsələn, “Hamam Times”  portalının koordinatlarının bir hissəsini Bakı, digər hissəsini isə ABŞ üzərindən yayırlar. Saytın ünvanı Bakıda göstərilib, telefon nömrəsi isə  ABŞ-nin Las Vegas şəhərinə aiddir.

Poçt ünvanını isə ümumiyyətlə virtual məkana bağlayırlar. Öz ağıllarına görə, iz azdırırlar. Yol verdikləri xətaların əcrini ödəməkdən yayınacaqlarını düşünürlər. Bu mənada arxayınlaşıb istənilən formalı saxta, təxribatçı informasiyaları tirajlayırlar.

“Hamam Times” portalının nümunəsindən belə nəticə çıxır ki, ABŞ-dən yönləndirilən şəbəkə məqsədlərinə çatmaq üçün bütün variantlara əl atır. Qeyri-leqal subyektlərlə əməkdaşlıq etməkdən də çəkinmir. “Hamam Times” öz fəaliyyəti ilə qanunları pozur. KİV qurumunun qeyri-leqal, çaşdırıcı ünvanlarla fəaliyyət göstərməsi qanunlara ziddir. ABŞ bu cür variantlara əl atmasına necə haqq qazandıracaq.

Qafqazinfo