Prezidentin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Editor.az xəbər verir ki, Komissiyanın sədri, maliyyə naziri Samir Şərifov bildirib ki, bu günə qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 4027 nəfər hərbi qulluqçu mənzillərlə təmin olunub.
Komissiyanın sədri qeyd edib ki, cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş 35 milyon manat vəsait hesabına daha 512 tam təmirli mənzil alınaraq hərbi qulluqçulara verilməsi təmin olunmalıdır.
İclasda Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında 901 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul edilməsi barədə qərar qəbul edilib.
Komissiya həmçinin, hazırda mənzil növbəsində olan 381 nəfər hərbi qulluqçunun Bakı və Sumqayıt şəhərlərində tam təmirli mənzillərlə təmin olunmasına, eyni zamanda, 131nəfər hərbi qulluqçuya mənzilin verilməsinə dair məsələnin 2025-ci ilin fevral ayında keçiriləcək iclasda mənzillərin Müdafiə Nazirliyi tərəfindən püşkatma yolu ilə növbəsi çatmış hərbi qulluqçular arasında bölgüsünün nəticələri əsasında baxılması qərara alınıb.