“Hərbiyə aid əsassız paylaşımlara birdəfəlik son qoymaq lazımdır” – informasiya təhlükəsizliyi mütəxəssisibackend

“Hərbiyə aid əsassız paylaşımlara birdəfəlik son qoymaq lazımdır” – informasiya təhlükəsizliyi mütəxəssisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ordumuzun hərbi hissələri, şəxsi heyəti haqqında, ümumiyyətlə, orduya aid əsassız paylaşımları dayandırmaq lazımdır. Çünki bu xəbərlər hərbi qulluqçulara və onların ailə üzvlərinə ciddi problemlər yarada bilər”.
Bunu “Editor.az ”a açıqlamasında Əməkdar jurnalist, informasiya təhlükəsizliyi mütəxəssisi İbrahim Rüstəmli deyib.
O bildirib ki, regionlarda, xüsusilə də cəbhə xəttinə yaxın ərazidə yaşayan insanlar Azərbaycan Ordusunun şəxsi heyəti və hərbi texnikanın hərəkətini telefona çəkməməli və son dərəcə diqqətli olmalıdırlar:
“Xidmətdə olan hərbi qulluqçular barədə şəxsi informasiyaları paylaşmaq qəti olmaz. Regionlarda, ələlxüsus da cəbhə bölgəsində yaşayan insanlar hərbi xarakterli məlumatları telefona çəkməməlidirlər. Sosial şəbəkələrdə hərbi mövzuda məlumatlar rəsmi mənbəyə əsaslanmadan paylaşılmamalıdır. Düşmən tərəf bizi izləyir, ordumuz haqqında KİV-dən və sosial şəbəkələrdən məlumat əldə edir. Ona görə qeyri-rəsmi xəbərlərin sosial şəbəkələrdə və mətbuat orqanlarında paylaşılması yolverilməzdir. Eyni zamanda, sosial şəbəkə istifadəçiləri də bu məsələdə ayıq-sayıq olmalıdırlar”.
İ. Rüstəmlinin sözlərinə görə, müharibə vəziyyətində olan bir ölkədə bu məsələlərə həssas yanaşmaq lazımdır:
“Çünki bilməyərəkdən verilən hansısa xəbər səngərlərdə, cəbhə bölgəsində xidmət edən hərbçilərin həyatına təhlükə yaradır. Ordumuzun hərbi hissələri, şəxsi heyəti haqqında, ümumiyyətlə, hərbi mövzuda əsassız paylaşımlara birdəfəlik son qoymaq lazımdır. Çünki bu xəbərlər hərbi qulluqçulara və onların ailə üzvlərinə ciddi problemlər yarada bilər. Azərbaycan Ordusu nəzarəti əldə saxlayır, panika yaradacaq xəbərlər paylaşmaq lazım deyil”.