Həsən Zeynalov: “Qarabağa görə özümü günahkar sayırdım” – MÜSAHİBƏbackend

Həsən Zeynalov: “Qarabağa görə özümü günahkar sayırdım” – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

70 illik yubileyimi könül rahatlığı ilə qeyd etdim…

“O torpaqları nəvələrimlə birlikdə ziyarət etməyi səbrsizliklə gözləyirəm”

 Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalovun Modern.az-a müsahibəsini təqdim edirik:

 – Cənab səfir, hazırda Azərbaycanla Türkmənistan arasındakı ikitərəfli münasibətləri necə dəyərləndirirsiniz?

– İlk növbədə demək lazımdır ki, Azərbaycanla Türkmənistanı biri-birinə bağlayan ən əsas amil onların xalqlarıdır. Azərbaycan və Türkmən xalqları eyni kökə, milli kimliyə malik xalqlardır. Hətta, eyni etnosdur, Oğuz türklərinin qollarıdır. Sadəcə olaraq qurmuş olduqları dövlətlərə görə biz onları müxtəlif adlarla adlandırırıq. Həmçinin, xalqlarımız coğrafi olaraq da yaxın qonşudurlar və qonşuluq münasibətlərinə hörmətlə yanaşan xalqlardır. Qeyd etdiyim məqamlar tarixən xalqlarımız arasındakı münasibətlərin sözün birbaşa mənasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında var olmasına səbəb olmuşdur.

Xüsusən, 1991-ci ildən etibarən ölkələrimizin müstəqillik qazanması, bu əlaqələrin artıq bütün sahələri əhatə etməsinə zəmin yaratdı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də xalqlarımız arasındakı münasibətlərin inkişafına mühüm əhəmiyyət verir, bunun üçün əlindən gələni edirdi. Yeri gəlmişkən, Heydər Əliyevin xarici siyasətində türk dünyası, o cümlədən Türkmənistanla əlaqələrin inkişafı prioritet idi. O dövrdə bir çoxları buna yalnız mədəni-humanitar tərəfdən qiymət verirdilər. Lakin zaman göstərdi ki, bu münasibətlərin inkişafı ölkələrimizə və ümumilikdə türk dünyasına böyük iqtisadi və siyasi üstünlüklər verməkdədir.

Hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev də qardaş Türkmənistanla əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Son illər ölkələrimiz arasındakı münasibətlərin sürətli inkişafı buna bariz nümunədir. Cənab Prezident Türkmənistana iki rəsmi səfərə gəlib. Son üç ildə isə bir rəsmi, bir işgüzar səfər reallaşdırılıb. Yaxın aylarda növbəti işgüzar və rəsmi səfərlərin olması nəzərdə tutulur. 2018-ci ilin noyabr ayında Azərbaycan Prezidentinin Türkmənistana rəsmi səfəri çərçivəsində ölkələrimiz arasında rekord sayda – 21 sənəd imzalanıb. Məlumat üçün bildirim ki, ölkələrimiz arasında yüzə yaxın anlaşmanın əllidən çoxu son dörd ildə imzalanıb. Yeri gəlmişkən, ölkələrimiz 2017-ci ildə imzalanmış Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannaməyə əsasən strateji tərəfdaşdırlar.

Mən Azərbaycan Respublikasını təmsil etsəm də, ölkələrimiz arasında münasibətlərin inkişafı haqqında danışanda başda Türkmənistanın Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədovun, onun hökümətinin səylərini qeyd etməyə bilmərəm. Ölkəmizə və xalqımıza verdiyi qiymətin göstəricisidir ki, cənab Qurbanqulu Bediməhəmmədov dövlət başçısı kimi Azərbaycana dəfələrlə səfərlər etmişdir ki, bunlardan üçü məhz rəsmi səfər olub. Sonuncu rəsmi səfər keçən ilin mart ayında baş tutub.

Bir məsələni demək istəyirəm ki, xalqlarımız arasında münasibətlər nə qədər tarixi və möhkəm təmələ sahib olsa da, bu potensialı müasir dövrün tələblərinə uyğun reallaşdırmaq dövlətlərimizin liderlərinin siyasi strategiyalarından, dövrün və gələcəyin çağırışlarını dəqiq görə bilmələrindən, bu çağırışları milli maraqlara uyğun idarə edə bilmələrindən xeyli dərəcədə asılıdır. Əlbəttə ki, burada dövlət başçılarımız arasındakı şəxsi münasibətlər də mühüm əhəmiyyət daşıyır. Dövlətlərimiz arasında münasibətlərin son illərdəki inkişaf səviyyəsi iki qardaş xalqın liderləri arasında olan münasibətlərin də qardaşlıq münasibətləri olduğunu və xalqlarımızın daha da yaxınlaşması üçün düzgün hesablanmış, uzaqgörən strategiyaya sahib olduqlarının göstəricidir. Əminəm ki, bu xətt sonsuzadək belə davam edəcək.

– Türkmənistanla ölkəmiz arasında bir çox sahələr üzrə əlaqələr mövcuddur. Nəqliyyat, energetika, əczaçılıq, turizm və digər sahələrdə əlaqələr inkişaf edib. Yaxın vaxtlarda iqtisadi və humanitar sahədə əlaqələrin daha da genişləndirilməsi istiqamətində hansı addımlar atıla bilər?

– Olduqca doğru qeyd etdiniz. Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr kifayət qədər sürətlə intensiv inkişaf etməkdədir. Nəqliyyat və energetika sahələrində əməkdaşlıq xüsusi önəm daşımaqdadır. Bunun səbəbi odur ki, ölkələrimiz həm ənənəvi energi dövlətləridir, həm də coğrafi olaraq şərq-qərb nəqliyyat dəhlizinin əsas həlqələrini təşkil edirlər.

Energetika sahəsində əməkdaşlığımız indiyə kimi əsasən Xəzər dənizində enerji resurslarının kəşfiyyatı və işlənməsi ilə bağlı texniki yardımlaşmadan, Azərbaycanda istehsal olunan neft-qaz ehtiyatlarının çıxarılması və işlənməsi üçün zəruri olan maşın və avadanlıqların təmin edilməsindən, Xəzər dənizinin Türkmənistan sektorunda çıxarılan xam neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarlarına çıxarılmasından ibarət olub.

Lakin bu gün biz enerji sahəsində əməkdaşlığın yeni mərhələsinin astanasındayıq. Belə ki, bu ilin yanvar ayında hər iki ölkənin dövlət başçılarının iştirakı ilə xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun imzalanmasının şahidi olduq. Biz yaxın aylarda bu anlaşma memorandumundan irəli gələn “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə əməkdaşlığı tənzimləyəcək hökumətlərarası sazişin imzalanması üzərində işləyirik. Hesab edirəm ki, gələn ildən etibarən “Dostluq” yatağı üzrə artıq real işlərin icrasına başlanacaqdır. Bu istiqamətdə işlər Türkmən nefti kimi Türkmən qazının da Azərbaycandan keçməklə dünya bazarlarına çıxarılmasına, başqa sözlə, qardaş Türkmənistanın enerji ixrac imkanlarının şaxələnməsinə şərait yaradır. Bəhs etdiyim məsələ öz növbəsində ölkələrimiz arasında enerji nəqli sahəsində qlobal əməkdaşlıq üçün də müsbət bir təcrübə ola bilər.

Ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığımız tarixən mövcud olmuş, bu günümüzdə isə dövrün tələbi olan daşımaçılığın inkişafı ilə bağlıdır. Ölkələrimiz tarixi İpək Yolunun əhəmiyyətli parçalarıdır. Hər iki ölkənin rəhbərliyi bu torpaqlardan keçən tarixi yolun bərpası üçün mümkün olan bütün tədbirləri görməkdədirlər. 2018-ci ilin may ayında hər iki ölkədə – Azərbaycanda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Türkmənistanda isə Türkmənbaşı Beynəlxalq Dəniz Limanının açılışı oldu. Bu limanlar bizim ölkələri biri-birinə bağlayan əsas nəqliyyat məntəqələridir. Xüsusilə hələ də davam edən pandemiya dövründə yük daşımalarda limanların əhəmiyyəti daha bariz şəkildə ortaya çıxdı. Region ölkələrinin ticarət dövriyyəsinin, eləcə ehtiyaclarının ödənilməsində bu limanların və onların xidmətindən istifadə edən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və Türkmən Dənizdəryayolları Agentliyinin gəmilərinin xidmətləri olduqca qiymətlidir.

Məlumdur ki, nəqliyyatın əhəmiyyəti yalnız yüklərin və insanların bir yerdən başqa bir yerə nəqlini təmin etmək yox, həm də bunu mümkün dərəcədə sürətli və ucuz həyata keçirməkdir. Sürət cəhətdən məlumdur ki, hava nəqliyyatı bütün digər nəqliyyat növlərini üstələyir. Xüsusilə sərnişin nəqliyyatında birmənalı üstünlüyə malikdir. Ona görə də ölkələrimiz arasında hava nəqliyyatının yaradılması bizim üçün prioritet məsələlərdən olub. Görülən işlərin nəticəsi olaraq Azərbaycan hava yollarının və Türkmən hava yollarının qarşılıqlı uçuşlarının təşklinə dair razılıq əldə olunub. Sadəcə pandemiya ilə əlaqədar Türkmənistan və Azərbaycan məhdud hava əlaqəsinə icazə verdiyinə görə hələlik bunu reallaşdırmaq mümkün olmayıb.

Ölkələrimiz arasında vacib daşımaçılıq sahələrindən biri də dəmir yolu nəqliyyatıdır. Ölkəmizə aid gəmi-bərələrlə quru və ya maye yüklərlə dolu çoxsaylı dəmiryolu vaqonları daşınır. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istismara verilməsi, ardınca isə pandemiyaya görə sürücülü yükdaşımalara qoyulan məhdudiyyətlərlə əlaqədar ölkələrimiz arasında dəmiryolu nəqliyyatı ilə yükdaşımaların həcmi xeyli artıb.

Bir daha vurğulayıram ki, ölkələrimiz arasında nəqliyyat sahəsindəki əməkdaşlıq yalnız iki ölkə yox, bütün region və materik səviyyəsində əhəmiyyət kəsb edir. Ölkələrimiz də bunun fərqindədir və təsadüfi deyil ki, 2018-ci ildə iki ölkə hökumətləri arasında Azərbaycan Respublikası və Türkmənistan ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında Saziş imzalandı. Bu sazişin məqsədi sözügedən marşrutu istifadə edən bütün ölkələrin sürücüləri üçün hər iki ölkə tərəfindən viza rejiminin sadələşdirilməsini nəzərdə tutur. Bu saziş bir daha Azərbaycanın və Türkmənistanın nəqliyyat əlaqələrinin digər ölkələr üçün də nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir.

Azərbaycan və Türkmənistan Əfqanıstanı, Gürcüstanı və Türkiyəni də özündə birləşdirən Tranzit və Nəqliyyat üzrə Əməkdaşlıq – Lapis-Lazuli Marşrutu sazişinin tərəfləridir. Bundan əlavə ölkələrimiz Gürcüstanı və Rumıniyanı da əhatə edən Xəzər dənizi-Qara dənizi nəqliyyat marşrutunun yaradılması üzrə də əməkdaşlıq edirlər.

Humanitar sahədə əməkdaşlığa gəlincə, bizim ölkələrin müxtəlif ali təhsil müəssisələri, elmi müəssisələr, mədəniyyət qurumları arasında sıx əlaqələr mövcuddur. Bu mənada Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkmənistan Elmlər Akademiyası arasındakı əməkdaşlığı olduqca yüksək qiymətləndirmək olar. Bu iki elm ocağı, eləcə də onların ayrı-ayrı institutları arasında vaxtaşırı görüşlər keçirilir, biri-birlərinin təşkil etdikləri tədbirlərdə iştirak edilir, müxtəlif layihələr həyata keçirilir. Xalqlarımızın milli identikliyi mədəni-humanitar əməkdaşlığımızın hərəkətverici qüvvəsidir. Bizim xalqların keçmişi kimi gələcəyi də birdir və birlikdədir.

– Bir məqamı təəssüf hissi ilə qeyd etməliyəm. Bu gün dünyada narkotik vasitələrin qanunsuz dövriyyəsi tüğyan edir. Təəssüf ki, ölkəmiz də bu bəla ilə üz-üzədir. Araşdırmalara əsasən Azərbaycan ərazisində narkotiklərin qanunsuz daşınması üzrə marşrutlardan biri də Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropadır. Türkmənistan hökuməti bu istiqamətdə hansı addımları atır? Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq necə qurulub?

– Dünyada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı fikirlərinizə qoşulmamaq olmur. Narkomaniya insanlığın bəlasıdır və heç şübhəsiz dünyanın bütün ölkələrində böyük təhdid təşkil edir. Bu bəla ilə təkbaşına mübarizədə heç bir dövlət tam uğur qazana bilməz. Çünki narkoticarət böyük vəsaitlərin dövr etdiyi və buna görə də transmilli xarakter daşıyan bir çirkli biznesdir. Bu qanunsuz və çirkli bizneslə, ümumiyyətlə bu biznesə rəvac verən narkomaniya ilə mübarizədə hər kəs əlindən gələni, üzərinə düşəni etməlidir ki, bu ümumbəşəri bəla inkişaf edə bilməsin.

Narkotiklərin qanunsuz daşınması ilə bağlı qeyd etdiyiniz marşrut haqqında məndə hər hansı rəsmi və ya qeyri-rəsmi məlumat yoxdur. Lakin şəxsi müşahidələrimə əsasən onu deyə bilərəm ki, Türkmənistan hökuməti narkotiklərlə mübarizədə olduqca ciddi tədbirlər görür və bu məsələdə barışmaz mövqe nümayiş etdirir. Mən Türkmənistanda son altı ilə yaxın dövrdə işləməyimə baxmayaraq, bu ölkədə məndən əvvəl işləmiş digər ölkə diplomatları ilə fikir mübadilələri zamanı aldığım məlumatlara əsasən xüsusilə son on beş ilə yaxın dövrdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniya ilə mübarizədə Türkmənistanda çox qəti mübarizə aparılıb və bu işlər bu gün də davam etdirilir.

Hətta indi deyəcəyim məsələ yəqin ki, dünyanın az-az ölkələrində rast gəlinə bilər. Belə ki, Türkmənistan Xarici İşlər Nazirliyinin dəvəti ilə bu ölkədə fəaliyyət göstərən xarici ölkə diplomatları, o cümlədən bizim Səfirliyin əməkdaşları vaxtaşırı Türkmənistanın səlahiyyətli orqanları tərəfindən aşkar olunaraq müsadirə edilmiş narkotik vasitələrin və ya onun hazırlanmasında istifadə oluna biləcək maddələrin yandırılmaq yolu ilə məhv edilməsi tədbirlərində iştirak edirlər. Qeyd edim ki, bu narkotiklər əsasən gömrük orqanları tərəfindən müxtəlif sərhəd-keçid məntəqələrində aşkar edilmiş olurlar.

Yeri gəlmişkən, müşahidələrimə əsasən deyə bilərəm ki, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında Türkmənistanın hüquq-mühafizə orqanları olduqca ayıq-sayıq fəaliyyət göstərirlər. Qardaş Türkmənistanın dünyanın ən təhlükəsiz ölkələrindən, Aşqabadın ən təhlükəsiz şəhərlərindən biri olmasında əminəm ki, qeyd etdiklərimin böyük rolu vardır.

O ki, qaldı narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığa, Azərbaycanın və Türkmənistanın gömrük orqanları arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq həm narkotiklərin, həm də bütün digər malların qanunsuz dövriyyəsinə qarşı mübarizəyə, dövlətlərimizin və xalqlarımızın rifahına yönəlmişdir.

– Türkmən xalqı da Azərbaycan xalqı kimi qədim tarixi ənənələrə, eyni kökə, mədəniyyətə malikdir. Bir növ iki dövlət arasında qardaşlıq ənənələri mövcuddur. Hazırda Türkmənistanda Azərbaycanın tarixi Zəfəri necə qiymətləndirilir? Türkmənlər Qarabağ zəfəri haqqında nə düşünür?

– Tamamilə doğru söylədiniz. Əvvəldə də dediyim kimi Azərbaycan və Türkmən xalqları eyni kökə, milli kimliyə malik xalqlar, Oğuz türklərinin qollarıdır. Bizim qanımız və ruhumuz birdir, bir sözlə, biz qardaşıq. O səbəbdən biz həmişə acılı və sevincli anlarımızı bərabər yaşamışıq. Biri-birimizin yaxşı halına sevindiyimiz kimi, dar günündə də yanında olmuşuq. Azərbaycanın tarixi torpaqları Ermənistanın işğalında olduğu zaman türkmən qardaşlarımız hər zaman bizim haqq işimizə dəstəklərini ifadə etmiş, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini həmişə müdafiə etmişdirlər. Bu mövqe həm hökumət, həm də xalq səviyyəsində olub.

Doğrudur, Türkmənistan daimi bitərəf statusuna malik olan ölkə kimi, beynəlxalq münaqişələrə dövlət səviyyəsində münasibət bildirməməyə çalışır. Lakin bununla belə, ən yüksək səviyyədə Azərbaycanla imzalanmış sənədlərdə, o cümlədən Strateji tərəfdaşlıq haqqında Bəyannamədə Türkmənistan ölkəmizin ərazi bütövlüyünün tanınması və münaqişələrin BMT Nizamnaməsi çərçivəsində nizamlanmasına dair mövqeyini tərəddüd etmədən bəyan edib.

O ki, qaldı İkinci Qarabağ müharibəsi günlərində yaşananlara, mübaliğəsiz deyirəm ki, müharibənin gedişini, əldə olunan qələbələri, insan itkilərimizi türkmənlər də bizim qədər  yaxından izləyirdilər. Səfirliyə hər gün yüzlərlə insandan zənglər gəlir, bəzən özləri Səfirlik binasına gəlib şəhərlərimizin işğaldan azad olunması münasibəti ilə bizi təbrik edirdilər. Qarabağın Azərbaycan torpağı olduğunu, haqlı savaşımızda bizim yanımızda olduqlarını açıq şəkildə bəyan edirdilər. Bu torpaqların türksoylu xalqları biri-birindən ayrı salmaq, bölüb-parçalamaq üçün işğal edildiyini, haqq savaşının türkmənlərin də savaşı olduğunu deyirdilər. Türkmən qardaşlarımızdan tarixi Zəfərimiz münasibəti ilə müxtəlif səviyyələrdə təbriklər aldıq. Bu yerdə Türkmənistanda fəaliyyət göstərən digər türdilli dövlətlərin səfirlərinin Qarabağ Zəfərimizlə bağlı mənəvi dəstəklərini və təbriklərini də qeyd etməyi borc bilirəm.

– Cənab səfir, bu il sizin 70 illik yubileyiniz oldu. Vətəndən uzaq olsanız da, əminliklə demək olar ki, Vətənin bütövləşməsi, birliyi sizin də həyata baxışınızı dəyişdi. Bilirəm ki, 30 ilə yaxın idi özünüzü günahkar hesab edirdiniz. Daha günahkar deyilsiniz. Qarabağımız azadlığa qovuşub. Yaşadığınız hisləri dilinizdən eşitmək istərdik. Vətənin qoynunda onun bir parçası olduğunu dərindən və azad duya bilmək necə hisdir?

– Doğrudur, bu il 70-ci yaşımı tamamladım. Mən öz ad günlərimi bir qayda olaraq qeyd etməsəm də, həmin gün övladlarım, nəvələrim mütləq başıma toplaşır, yaxın qohumlar, dostlar, necə deyərlər “bir yaş böyüməyim” münasibəti ilə təbrik edirlər. Açığı son otuz ildə hər yaxşı hadisədə, hər yaxşı tarixdə nə qədər sevinmək istəsək də, sevinməyə çalışsaq da, içimdə bir nisgil var idi. Hər bir il başa çatdıqca, yaşımın üstünə yaş gəldikcə Vətənimizin ən böyük problemi olan, çözülməz düyünə çevrilmiş Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalması məni daha da narahat edirdi. Bu münaqişənin həllinin bizdən sonrakı nəsillərə qalması ehtimalı həyatımızdakı bütün müsbət hallara kölgə salırdı.Bir vətəndaş, bir diplomat kimi öz səviyyəmdə əlimdən gələni etməyim məni azacıq rahatlatsa da, ümumilikdə nəticənin olmaması sanki hər şeyin üstündən xətt çəkirdi. Elə bu dediklərimə görə də bu Vətənin bir oğlu kimi özümü günahkar sayırdım.

Allaha şükürlər olsun ki, xalqımızın taleyinə qızıl hərflərlə yazılmış 44 günlük Zəfər tarixinin şahidi olduq. Bu qüruru bizə yaşadan Azərbaycan Ordusuna, onun Ali Baş Komandanı cənab İlham Əliyevə, hər bir zabitə, əsgərə, onları Vətən, millət sevgisi ilə yetişdirib tərbiyə edən valideynlərə dərin-dərin minnətdarlığımı çatdırıram. Allah ruhunu şad etsin, xalqımızın Ümummilli lideri Heydər Əliyev cismən aramızda olmasa da bu Qələbədə onun xalqına olan sevgisinin, dərin zəkasının, fədakar əməyinin rolu danılmazdır. Onun qoyduğu strategiyanın nəticəsi, məhsuludur bu böyük Zəfər. Ali Baş Komandan Şuşanın işğaldan azad olunması münasibəti ilə xalqa müraciətində də dedi ki, mən ata vəsiyyətini yerinə yetirdim. Bu, xalqın taleyində dönüş yaratmış, lakin ömrü vəfa etməmiş dahi liderin öz böyük məsuliyyətini dərindən dərk edə bilən və üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirə biləcək siyasi varisə olan vəsiyyətin yerinə yetirilməsi idi.

Bax bu böyük Zəfərin, onu bizə yaşadanların sayəsində mən bu ilki doğum günümü, 70 illik yubileyimi son otuz ildə olmayan kimi könül rahatlığı ilə qarşıladım. İnşallah gözəl Qarabağımızda,Zəngəzurumuzda qarşıda duran işlər ən qısa zamanda həyata keçər, məcburi köçkün düşmüş vətəndaşlarımızı öz ata-baba yurdlarına dönər, o kəndlərin, şəhərlərin, obaların çal-çağırlı günləri özünə qayıdar. Buna isə heç şübhəm yoxdur. Cənab Prezidentin qısa vaxtda qəbul etdiyi qərarlar, gördüyü işlər qarşıda duran məsələlərin də ən qısa vaxtda və ən gözəl şəkildə həll ediləcəyini deyir.

Yeri gəlmişkən, böyük Zəfərimizin ardınca Azərbaycan Prezidentinin israrla üzərində durduğu və reallaşdırılması istiqamətində böyük səylə çalışdığı Zəngəzur dəhlizi layihəsi hələ ötən əsrin 70-ci illərinin sonu, 80-ci illərinin əvvəllərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən gerçəkləşdirilməkdə idi. Heydər Əliyev həmin dəhliz üzrə mövcud dəmir yoluna paralel Bakıdan Naxçıvana avtomobil yolu da çəkmək istəyirdi və bu istiqamətdə xeyli işlər görmüşdü. Yolun şərqi Zəngəzuru Naxçıvana birləşdirəcək hissəsinin işlərinə başlayan vaxt ermənilər ciddi şəkildə bu layihəyə qarşı çıxdılar, bu yolun Bakını sadəcə Naxçıvanla deyil, Ankara ilə birləşdirmək məqsədi daşıdığını səbəb gətirərək, Moskvadakı havadarlarının hesabıba layihənin yarımçıq dayandırılmasına nail oldular. Etiraf etmək lazımdır ki, ermənilər o vaxt Heydər Əliyevin böyük vizyonunu düz anlamışdılar. Amma artıq Azərbaycan Prezidenti İlham Əliyevin israrı və əzmi ilə həmin layihə indi reallaşacaq və yalnız Bakı ilə Naxçıvanı, Azərbaycan ilə Türkiyəni deyil, Orta Asiya ilə Qafqazı Kiçik Asiyaya bağlayacaq, bütünlükdə türk dünyasını birləşdirəcək.

– Cənab səfir, artıq illərlə xəyal etdiyimiz torpaqlara bu gün səfərlər edirik. Təəssüf ki, Qarabağın hər addımında erməni vəhşiliyi ilə qarşılaşırıq. Dağıdılmış evlər, viran qalmış yurd yerləri, məhv edilmiş təbiət və sairə. Bir vətəndaş olaraq 30 ilə yaxın müddətdə baş verənləri necə ümumiləşdirib, fikir söyləyə bilərsiniz?

– Ermənilərin Qarabağda törətdiklərini sözlə ifadə etmək mümkün deyil… Quldurluq, soyğunçuluq belə, ermənilərin törətdiklərinin yanında olduqca cılız qalır. Desək ki, qeyri-insani, heyvani davranışlardır, amma təbiətdəki ən vəhşi heyvanlar da belə şeylər etmirlər. Buna yalnız ruhi pozğunluq, zombilik adı vermək olar.

Cənab Prezident öz çıxışlarında da bununla bağlı bir neçə dəfə deyib ki, o gözəl kəndlərdən, şəhərlərdən sanki vəhşi qəbilə keçib, sözün birbaşa mənasında daş daş üstündə qalmayıb. Nəinki evlər, ibadət ocaqları, məscidlər dağıdılıb, təhqir edilib.

Məsələyə digər tərəfdən baxanda, axı ermənilərdən bundan daha yaxşı nə gözləmək olardı. Biz indi ermənilərin kənd və şəhərlərimizi xaraba qoymalarından danışırıq. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində törətdikləri soyqırımların, qadınlara, uşaqlara etdikləri təcavüzlərin, yaşlılara etdikləri işgəncələrin müəlliflərindən biz nə gözləməliyik. İkinci Qarabağ müharibəsi günlərində Gəncənin, Bərdənin mülki insanlarını bombalayanlardan nə gözləmək olar. Günahsız insanlara etdiklərinin yanında daşa-divara etdikləri nədir ki?!

– Bəs, Qarabağa səfər etməyi düşünürsüzmü?

– Səfər adətən başqa yerlərə edilir. Qarabağ isə mənim Vətənim, onun bir parçasıdır. Xəyalən son otuz ilin hər günü ordayam. İnşallah, dövlət qurumlarımız təhlükəsizliklə bağlı tədbirləri bitirər-bitirməz fiziki olaraq da ziyarət edəcəyik. Yeri gəlmişkən, mən o yerlərə bələd biriyəm. Mən qırx beş il bundan əvvəl həqiqi hərbi xidmətimi Xankəndidə yerinə yetirmişəm, xidmətlə əlaqədar tez-tez Şuşada və Xocalıda olmuşam. O torpaqları indi artıq nəvələrimlə birlikdə ziyarət etməyi səbrsizliklə gözləyirəm.