Həştərxan Dövlət Qoruğunun ərazisində yanğın baş verib. Yanğınsöndürənlər yanğını lokallaşdıra biliblər. Lakin tüstülənən ərazilər hələ də var.
Editor.az bildirir ki, bunu xüsusi mühafizə olunan ərazinin mətbuat xidməti xəbər verir. Yenilənmiş məlumatlara görə, quru qamışdan və quru ağac qalıqlarından ibarət ərazilərdə yanma və tüstülənmə davam edir. Yanğının əhatə etdiyi ərazi təxminən 11,7 min hektardır. Yanğın lokallaşdırılsa da aktiv yanmaların bərpası təhlükəsi qalmaqdadır.
Bu səbəbdən yanğınsöndürənlərin bir hissəsi, qoruğun 23 əməkdaşı və 16 texnika orada qalıb. Xatırladaq ki, Rusiyanın ən qədim, Qırmızı Əmək Bayrağı ordenli Həştərxan Dövlət Təbii Biosfer Qoruğu Volqa Deltasında yerləşib, Ümumdünya Biosfer Qoruğu Şəbəkəsinə daxildir və beynəlxalq əhəmiyyətli su-bataqlıq ərazilərinə aiddir.
Onun sahəsi ilkin olaraq 23 min hektar idi. lakin Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və səth deltasının dənizə doğru böyüməsi ilə əlaqədar olaraq, demək olar ki, üç dəfə artaraq 67,917 hektara çatıb ki, bunun da 11,298 hektarı dəniz sahəsidir.
//Samir Qurbanov,Editor.az