Dekabrın 3-də Həştərxanda dahi Azərbaycan bəstəkarı, musiqişünası və müasir Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə “Qəlbləri Birləşdirən Musiqi” adlı yubiley konserti keçirilib.
Konsert Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin, vilayət hökuməti, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Rusiyadakı səfirliyi və MBA-MOSCOW Bankı tərəfindən təşkil olunub.
Konsertdə görkəmli Azərbaycan, rus və italyan klassiklərinin – Üzeyir Hacıbəyli, Niyazi, Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Pyotr Çaykovski, Cüzeppe Verdi, Cakomo Puççini və başqalarının əsərləri səsləndirilib. Tədbirdə Həştərxan Dövlət Opera və Balet Teatrının Simfonik Orkestrinin müşayiəti ilə aparıcı Azərbaycan sənətçiləri çıxış ediblər.
Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamı ilə əlaqədar olaraq cari il ərzində səfirlik tərəfindən təşkil edilən bir sıra böyük mədəni tədbirlərin yekun nöqtəsi olub.
//Samir Qurbanov, Editor.az

