İSTİQAMƏT: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;
Editor.az ilahiyyatçı Əkrəm Həsənovla müsahibəni təqdim edir:
-Əkrəm bəy, Ramazan ayı artıq başa çatır. Azərbaycan xalqı müqəddəs Ramazan bayramını hansı əhval-ruhiyyə ilə qarşılayır?
-On bir ayın sultanı, Quran-Kərimin nazil olduğu müqəddəs Ramazan ayı hər il ölkəmizdə ruh yüksəkliyi ilə qarşılanır. Bu ay İslamda ilin ayları arasında ən müqəddəsi hesab olunur. Bu il də biz şahidi olduq ki, ölkəmizdə vətəndaşlar bu müqəddəs ayda oruc tutmağa, yardımlaşmağa böyük diqqət göstərdilər. İslam dinində bir insanın müsəlman olması üçün kəlmeyi-şəhadət gətirməsi, hər gün namaz qılması, nəfsini tərbiyə etməsi – oruc tutması başlıca şərtdir. Oruc tutan müsəlman çəkdiyi aclıq hissi ilə kasıblara qarşı mərhəmət hissi duyar. Bu ayda ölkəmizdə sağlamlığı yol verən bir çox insan oruc tutdu, iftar süfrələri açıldı. Hər il dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Ramazan bayramı insanlar arasında bərabərliyi, birliyi daha da gücləndirir. Artıq bu il də Ramazan ayının sonuna yaxınlaşırıq. Ayın 2-si bayram namazı qılınacaq.
– Cəmiyyətimizdə fitrə zəkatı ilə bağlı müxtəlif müzakirələr gedir. Ramazanda fitrə zəkatı nə qədər və hansı günlər çıxarılmalıdır?
-Ramazan ayında oruc tutub-tutmamasından aslı olmayaraq hər bir müsəlman evdən fitrə zəkatı çıxartmalıdır. Fitrə sədəqəsinin ən uyğun vaxtı dünya din alimlərinin ümumi rəyinə əsasən Ramazan ayına 1-2 gün qalmışdır. Sədəqə ərzaq şəklində verilsə, daha yaxşıdır. Bəzi insanlar pul şəklində verir, bu da yanlış deyil. Dünyada bir çox din alimləri hesab edir ki, fitrə zəkatının ən fəzilətli, ən üstün vaxtı isə bayram günü sübh namazından bayram namazına qədərdir. Hər kəs bayram günü zəkat verməyi çatdıra bilməz, ona görə də bir-iki gün qalmış vermək daha məqbuldur. Zəkatın miqdarına gəlincə isə kimin imkanı nəyə çatır verə bilər. Kasıblar, ehtiyac sahibi olanlar üçün isə fitrə zəkatı çıxartmaq vacib deyil. Bəzi alimlər bildirir ki, hətta ana bətnində olan uşaq üçün də çıxarılır. Əsas ölçü isə gündəlik istifadə olunan hər bir ərzaqdan 2-3 kiloqram dəyərində nəzərdə tutulur. Hər bir ərzaq növlərindən fitrə zəkatı çıxarıla bilər.
– Azərbaycan tolerantlıq və multikulturalizm baxımından bir çox dünya ölkələri üçün hər zaman nümunədir . Bu sahədə ölkəmizdə hansı işlər görülür?
– Azərbaycan azsaylı ölkələrdəndir ki, burada ayrı-ayrı dinə mənsub millətlər sülh və qarşılıqlı anlaşma şəraitində yaşayır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub.Təsadüfi deyil ki, Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsi istiqamətində ciddi işlər görülür. Azərbaycanda çoxlu xalqlar, millətlər, dini inancı ayrı olan, məzhəb fərqlilikləri olan insanlar yaşayır. Buna baxmayaraq ölkəmizdə məzhəb, din, millət fərqi olmadan bu müqəddəs ayda Allah-Təalaya inanan hər bir insan bu ayın xatirinə oruc tutur və ya iftar süfrələri verir. Bu istiqamətdəki tədbirlər bir-biriylə kompleks şəkildə aparılır. Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olmasını dünyanın bir çox ölkələri də hər zaman etiraf edib.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


