“Sovet dövləti nəhəng bir dövlət idi, dünyanın altıda bir hissəsini əhatə edirdi”.
Bu sözləri Editor.az-a 17 noyabr tarixi ilə bağlı danışarkən millət vəkili Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, iyirminci əsrin 80-ci illərinin ortalarında bu dövlət yavaş-yavaş zəifləməyə başladı və 1985-ci ildə Mixail Qarbaçovun Sovet dövlətində hakimiyyətə gəlməsi ilə əslində Sovet dövlətinin dağılması üçün münbit şərait yarandı:
“Qarbaçov illər boyu totalitar rejim yaşayan bir xalqa demokratik dəyərlər vermək istədi. Eyni zamanda, millətlərin öz müqəddəratını həll etmək məsələsi ortalığa atıldı. Bu isə Sovet dövlətinin dağılması idi. Azərbaycanda və Qarabağda olan ermənilərə havadarlıq etməyə, erməni mövqeyi üstün tutulmağa başlanıldı. Beləliklə də Sovet dövləti çökən ərəfədə artıq Qarabağdakı ermənilər Azərbaycandan ayrılıb, Ermənistana birləşmək haqqında müxtəlif qərarlar çıxartdılar. Beləliklə də 80-ci illərin ortalarında Qarabağda gərgin vəziyyət yarandı. Təəssüflər olsun ki, bilərək Qarbaçov Azərbaycana elə bir rəhbər göndərdi ki, o heç Azərbaycan dilində danışa bilmirdi. Bu da ermənilərin və Sovet rəhbərliyinin köməyinə çatdı.
Bütün bunların nəticəsi idi ki, xalq ayağa durdu və əliyalın xalq həm Sovet rəhbərliyinə, həm də Qarabağı tarixi Azərbaycan torpağı olaraq saxlamaq üçün mübarizəyə qalxdı. Beləliklə 1988-ci ilin milli azadlıq hərəkatı təkcə Sovet dövləti deyil, dünya üçün böyük hadisələrdən birinə çevrildi. Təəssüf doğuran məsələlərdən də biri də odur ki, əgər o zaman Heydər Əliyev Azərbaycana rəhbərlik etsəydi, ölkədə olsaydı bu zaman ermənilər 1 milyon insanı məcburi köçkünə çevirə bilməzdilər. Amma xalq Vətən üçün hər şey etməyə hazır idi.
1988-ci ilin noyabrın 17-si milli azadlıq hərəkatının zirvəsi idi. Xalq nəyin bahasına olursa, olsun mübarizəyə qalxdı. Buna görə də 17 noyabr Azərbaycan tarixində ən mühüm hadisələrdən biridir.
1993-cü ildə Heydər Əliyev Azərbaycana gəlməsəydi qardaş qırğınının, Vətən müharibəsinin qarşısını heç kim ala bilməzdi”.
//Səbinə Hüseynli, Editor.az

