Hikmət Hacıyev: “Azərbaycan sülh və təhlükəsizlik sahəsində özünəməxsus model təqdim etdi” – VİDEObackend

Hikmət Hacıyev: “Azərbaycan sülh və təhlükəsizlik sahəsində özünəməxsus model təqdim etdi” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müstəqilliyimizin ilk illərində beynəlxalq institutlara, o cümlədən ATƏT-ə böyük ümidlər bəsləmişdik”.

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev XIII Qlobal Bakı Forumunda “Multilateralizmin böhranı – qlobal əməkdaşlığa yenidən baxış” mövzusunda keçirilən panel müzakirəsi zamanı deyib.

 

O bildirib ki, ATƏT daha geniş Avro-Atlantik məkanında sülh və təhlükəsizlik məsələlərində uğursuz bir layihəyə çevrildi:

“Azərbaycan sülh və təhlükəsizlik sahəsində özünəməxsus model təqdim etdi. Biz uzun müddət davam edən münaqişəni hərbi-siyasi vasitələrlə həll etdik. Bunun nəticəsində sülh mövcuddur və Ermənistanla Azərbaycan sülh gündəliyini irəli aparmaq üçün parametrlər üzərində işləyirlər”.

H.Hacıyev enerji təhlükəsizliyindən də danışıb:

“Enerji təhlükəsizliyi də uğurlu çoxtərəfli diplomatiyanın başqa bir nümunəsidir. Xəzərdən Adriatikə qədər uzanan marşrut boyunca ölkələr bir araya gələrək hamı üçün faydalı olan uğurlu enerji layihəsi həyata keçirdilər. Regionumuzu formalaşdırmaq baxımından başqa bir nümunə isə Mərkəzi Asiya-Azərbaycan əməkdaşlığıdır. Keçən il Azərbaycan Mərkəzi Asiya Liderləri Forumuna tamhüquqlu üzv kimi qəbul edildi. Bu da göstərir ki, orta güc konsepsiyasına inanan və həmfikir olan ölkələr öz regional gündəliklərini formalaşdıraraq qlobal gündəliyə də töhfə verə bilirlər”.

Prezidentin köməkçisi “orta güc” anlayışının tərifinin də vacibliyini vurğulayıb:

“Bəzən bu anlayışdan danışarkən ilk növbədə ölkənin hərbi gücü, ÜDM-i və ya ərazisi nəzərdə tutulur. Lakin bizim üçün orta güc bu göstəricilərlə rəqabət aparmaq demək deyil. Biz ÜDM, ərazi və ya hərbi gücə görə bir yarışda deyilik. Bizim üçün orta güc problemlərin həllinə yönəlmiş yanaşma deməkdir və öz regionuna, eləcə də qlobal gündəliyə müsbət töhfə vermək iradəsidir”.