“Hikmət Hacıyevin İrana səfəri Azərbaycan-İran münasibətlərində yeni bir dinamikanın formalaşdığını göstərir. Bu səfər iki ölkə arasında son dövrlərdə müşahidə olunan gərginliyin azaldılması və qarşılıqlı etimadın bərpası istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilə bilər. Azərbaycan tərəfi İranla münasibətləri yalnız ikitərəfli deyil, həm də regional təhlükəsizlik kontekstində strateji baxımdan önəmli hesab edir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
Politoloq iki qonşu ölkə arasındakı təmaslarla bağlı nikbin fikirlər söylədi:
Son aylarda baş tutan yüksək səviyyəli qarşılıqlı səfərlər Bakı ilə Tehran arasında siyasi dialoqun intensivləşdiyini və problemlərin açıq şəkildə müzakirə olunduğunu göstərir. Xüsusilə enerji, ticarət və nəqliyyat sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi hər iki ölkənin maraqlarına uyğundur. Bununla belə, İran daxilindəki bəzi dairələrin Azərbaycana qarşı sərt ritorikası və qeyri-konstruktiv davranışları münasibətlərin tam normallaşmasına mane olan əsas amillərdən biri olaraq qalır”.
Ekspert hesab edir ki, İran-Azərbaycan münasibətlərinin gələcək perspektivləri ehtiyatlı optimizmlə dəyərləndirilə bilər: “Hazırda tərəflər arasında birbaşa toqquşma riski azalsa da, strateji maraqların toqquşduğu məqamlar qalmaqdadır. Azərbaycan üçün İranla münasibətlərdə əsas prioritet regional sabitlik və iqtisadi əməkdaşlıqdır. İran isə Cənubi Qafqazda təsir imkanlarını qorumağa çalışır və bu, bəzən Bakı ilə Tehran arasında ziddiyyətlərə səbəb olur”.
T.İsmayılov qeyd etdi ki, Ermənistanla sülh prosesi kontekstində Hikmət Hacıyevin “de-fakto sülh” ifadəsi mövcud vəziyyəti düzgün əks etdirir: “Hazırda regionda hərbi eskalasiya ehtimalı minimaldır, lakin sülhün de-yure rəsmiləşməsi üçün hələ bir sıra siyasi və hüquqi maneələr mövcuddur. Ermənistanın konstitusiya və qanunvericilik səviyyəsində dəyişikliklərə getməsi, eləcə də kommunikasiyaların tam açılması bu prosesin əsas şərtləridir. İranın sülh prosesinə real töhfə verib-verməyəcəyi isə hələ də açıq sual olaraq qalır. Tehran əsasən regionda öz maraqlarını qorumağa üstünlük verir və Zəngəzur dəhlizi məsələsində ehtiyatlı mövqe nümayiş etdirir. Hələlik Tehranın bu məsələdə mövqeyində ciddi dəyişiklik müşahidə olunmur”.
Siyasi ekspert bildirdi ki, Azərbaycan üçün İranla münasibətlərin normallaşması regional sabitlik baxımından vacibdir: “Bakı praqmatik siyasət yürüdərək problemləri dialoq və əməkdaşlıq yolu ilə həll etməyə çalışır. İranla münasibətlərin dərinləşdirilməsi Azərbaycanın regional liderlik iddialarını gücləndirir və ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirir. Nəticə etibarilə, qarşılıqlı səfərlər və dialoqun intensivləşməsi problemlərin tam həllinə zəmanət verməsə də, yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır. İran-Azərbaycan münasibətlərinin gələcəyi tərəflərin praqmatik yanaşmasından və regional maraqların balanslaşdırılmasından asılı olacaq. Azərbaycanın bu prosesdə aktiv və təşəbbüskar mövqeyi ölkəmizin strateji maraqlarının qorunmasına xidmət edir”.
//Gülnarə Abasova, Editor.az