Hindistan noyabrın 21-dən etibarən ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən Rusiya neftinin alışını azaltmağa başlayacaq.
Editor.az xəbər verir ki, bunu “The New York Times” nəşri yazıb.
Məlumata görə, Hindistana doğru yollanan Rusiya neftini daşıyan sonuncu supertankerlər təxminən dörd həftə əvvəl Qara dəniz limanlarını tərk ediblər.
Nəşr bildirir ki, bu addım ABŞ-ın Rusiya neft şirkətləri ilə əməkdaşlıq edən qurumlara qarşı sanksiyalarının qüvvəyə minəcəyi cümə gününədək həmin şirkətlərin riskləri minimuma endirmək cəhdləri ilə əlaqədardır.
“The New York Times” qeyd edir ki, əgər Hindistanın kiçik şirkətləri Rusiya enerji resurslarını almaqda davam etmək istəsələr, bunu daha gizli şəkildə və çox kiçik həcmdə etməli olacaqlar. Vaşinqtonun Rusiya neftinin dövriyyəsini məhdudlaşdırmaq üçün yeni mexanizmlər tətbiq edə biləcəyindən ehtiyatlanan alıcılar daha diqqətli davranırlar.
Xatırladaq ki, ABŞ 2025-ci ilin avqustundan etibarən Hindistan mallarına tətbiq edilən rüsumları 50 faizədək artırıb. Bu addım Hindistanın Rusiya neftinin alınması ilə Moskvanın iqtisadiyyatını dəstəklədiyi iddiası ilə izah olunur.
// Gülnarə Abasova, Editor.az

