Hindistan Pakistan aviaşirkətləri üçün hava məkanını bağlamaq və gəmilərinin Hindistan limanlarına çıxışına qadağa qoymağı düşünür.
Editor.az bildirir ki, bu barədə “The Economic Times” hökumətdəki mənbəyə istinadən xəbər verir. Bu halda Pakistan Cənub-Şərqi Asiyadakı hava limanlarına çatmaq üçün Çin və ya Şri-Lanka üzərindən təyyarələrin marşrutunu dəyişməyə məcbur olacaq.
Qəzet dəqiqləşdirir ki, dövlətə məxsus Pakistan Beynəlxalq Hava Yolları Hindistan hava məkanı vasitəsilə Malayziya, Sinqapur və Tailand şəhərlərinə uçuşlar həyata keçirir.
Bundan başqa, Hindistan ordusunun məlumatına görə, aprelin 28-dən 29-na keçən gecə Cammu və Kəşmirdə Hindistan və Pakistan sərhəddində atışma baş verib. Pakistan Ordusu Kupvara və Baramulla rayonları ilə üzbəüz ərazilərdə Nəzarət Xətti boyunca səbəbsiz atıcı silahlardan atəş açıb. Açıqlamada Hindistan ordusunun tez və effektiv cavab verdiyi qeyd edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, Cammu və Kəşmirdə 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra Hindistan və Pakistan arasında münasibətlərin pisləşməsi fonunda artıq beşinci gecədir ki, sərhəddə atəşkəs pozulur.
//Samir Qurbanov, Editor.az