Hindistanda arı sürüsü təyyarənin gövdəsini ələ keçirərək onun uçuşunu gecikdirib.
Editor.az bu barədə “Times of India” -a istinadla xəbər verir.
Suratdan Caypura uçan IndiGo reysi iyulun 7-də, bazar ertəsi saat 16:40-da havaya qalxmalı idi, lakin ən azı 50 dəqiqə gecikib. Baqajı yükləyən aviaşirkətin əməkdaşları təyyarənin yük anbarının qapısı ətrafında fırlanan arıları ilk görən olub və dərhal aviaşirkət və hava limanının işçilərinə xəbərdarlıq ediblər.
“Biz hava limanının yanğınsöndürmə idarəsini xəbərdar etmişik. Onlar arıları çıxarmaq üçün yanğınsöndürən maşından su axınından istifadə ediblər”, – hava limanının sözçüsü bildirib.
Onun sözlərinə görə, yanğınsöndürənlər əvvəllər belə halla rastlaşmayıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Fransada arı sürünün hücumuna məruz qalan 24 nəfər yaralanıb, 3 nəfər reanimasiyaya aparılıb.
//Gülnarə Abasova, Editor.az

