Hindistanın cənubundakı Kerala əyalətində baş verən irimiqyaslı torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 146-ya çatıb, 120-dən çox yaralı var.
Editor.az xəbər verir ki, bu barədə ştatın səhiyyə departamenti bildirib. İyulun 31-i çərşənbə günü Keralada matəm günü elan edilib. Sürüşmələrə iyulun 30-na keçən gecə ştata yağan musson yağışları səbəb olub.
“News18” xəbər verir ki, təbii fəlakətdən ən çox Vayanad rayonu zərər çəkib. Dörd saat ərzində orada üç sürüşmə baş verib. Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır. Orada hərbçilər və Hərbi Hava Qüvvələrinin texnikası da iştirak edir. Torpaq sürüşmələri çoxlu evləri uçurub, yolları və körpüləri sıradan çıxarıb.
Kerala Baş Naziri Pinarayi Vijayan çoxlu sayda insanın dağıntılar altında qaldığını bildirib.
//Samir Qurbanov, Editor.az

