Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük məsələsi son günlər region siyasətində diqqət mərkəzinə çevrilib. Mütəxəssislərin fikrincə, bu prosesdə əsas maneə Hindistanın açıq şəkildə Ermənistanı dəstəkləməsi və Cənubi Qafqazda öz mövqelərini gücləndirmək istəyi ilə bağlıdır. Son illər İrəvanı silahlandırmaqla yanaşı, Hindistanın Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığından narahatlığı da bu siyasəti şərtləndirir. Nəticədə, Bakının təşkilata tamhüquqlu üzvlüyünün bloklanması ehtimalı öncədən gözlənilən idi. Bununla belə, Rusiya faktoru məsələdə fərqli bir kontekstdə dəyərləndirilir – Moskva üçün hazırda Azərbaycanla münasibətləri yumşaltmaq daha sərfəlidir.
Politoloq Oqtay Qasımov Editor.az-a bildirib ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün bloklanması gözlənilən idi:

“Bunun əsas səbəbi Hindistanın uzun müddətdən bəri Ermənistanı açıq şəkildə dəstəkləməsi, xüsusilə də son 5 ildə müharibədən sonra İrəvanı fəal şəkildə silahlandırmasıdır. Azərbaycanın bu məsələ ilə bağlı dəfələrlə etiraz müraciətləri olsa da, Hindistan Cənubi Qafqazda öz mövqelərini gücləndirmək üçün bütün vasitələrdən istifadə edir.
Digər tərəfdən, məsələni Azərbaycan-Türkiyə-Pakistan xətti kontekstində də dəyərləndirmək olar. Pakistan müstəqillikdən bəri Azərbaycanın ən yaxın tərəfdaşlarından biri olub, daim açıq şəkildə Bakının mövqeyini müdafiə edib və hər zaman siyasi-mənəvi dəstək göstərib. Bu yaxınlıq isə Hindistan tərəfindən qəbul olunmur. Xüsusilə də son Hindistan-Pakistan toqquşmaları zamanı Hindistanın aldığı zərbələr Yeni Dehliyə ciddi psixoloji təsir göstərib. Bu məğlubiyyətin təsirlərini ört-basdır etmək üçün Azərbaycan və Türkiyənin Pakistana dəstəyini qabartmaqla mövqelərini əsaslandırmağa çalışırlar”.
Onun sözlərinə görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiyanın müdaxiləsi isə hazırda ehtimal olunmur:
“Çünki Moskva üçün Azərbaycanla münasibətlərin normallaşması daha faydalıdır. Rusiya siyasi elitasının bir çox nümayəndəsi də münasibətlərin yumşaldılmasını açıq şəkildə dəstəkləyir. Bu səbəbdən, Rusiyanın üzvlüyə qarşı çıxması ehtimalı yüksək deyil. Hindistanın atdığı addım isə əslində Ermənistanın da təşkilata üzvlük perspektivini bloklayır”.
//Gülnarə Abasova, Editor.az

