“Hindistanın bu addımı Azərbaycana qarşı qeyri-dost münasibətdən qaynaqlanır”-Deputatdan AÇIQLAMAbackend

“Hindistanın bu addımı Azərbaycana qarşı qeyri-dost münasibətdən qaynaqlanır”-Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistana istənilən silah verilərsə, onlara kömək etməyəcək və mən Ermənistan tərəfinə bir neçə dəfə bunu demişəm. Demişəm ki, buna əbəs yerə vəsait xərcləməyin. Çünki birincisi, bu, sizə kömək etməyəcək, ikincisi ölkənizdə olan revanşist qüvvələrdə hansısa bir illüziya yarada bilər. İllüziya yarada bilər ki, siz revanş edə bilərsiniz. Edə bilməyəcəksiniz!”

Bu fikirləri ötən gün Prezident İlham Əliyev  yerli televiziya kanallarına müsahibəsində deyib.

“Biz əgər görsək ki, bizim üçün hər hansı bir ciddi təhlükə varsa, bu təhlükəni dərhal dəf edəcəyik. Baxmayaraq ki, bu təhlükə harada yaranıb, bizim ərazimizdə, yaxud da ki, hüdudlarımızın kənarında. Bu, bizim legitim hüququmuzdur. Ona görə belə cəhdlər var və biz görürük, bilirik hansı ölkələr Ermənistana silah verməyə hazırlaşırlar. Əfsuslar olsun ki, onların arasında Hindistan da indi rol alıb. Biz bunu qeyri-dost addım kimi qiymətləndiririk. Çünki bu silahların, özü də hücum silahlarının bir hədəfi var, o da Azərbaycandır”, – deyə dövlətimizin başçısı qeyd edib.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu gün Azərbaycan və Ermənistan ordusu arasında fərq böyükdür:

“Ermənilərin hansı silahı almasından asılı olmayaraq bu onları indiki ağır vəziyyətdən çıxartmayacaq. Azərbaycanda ən müasir silah və texnikalar var, Hindistanın verdiyi silahlar da elə Rusiya silahlarının eynisidir. Bütün hallarda bu, Azərbaycana qarşı qeyri-dost münasibətdir. Çünki Ermənistan bu silahı ölkəmizin əleyhinə istifadə edəcək.
Bütün dünya dövlətləri, beynəlxalq qurumlar nəzərə almalıdır ki, Ermənistan terror dövlətidir. Ona görə də ermənilərin silahlandırılması məsələsində hər bir dövlətin həssas və diqqətli olmasına böyük ehtiyac var. Bu, mahiyyət etibarilə bölgəyə sülhün gəlməsinə mane olan yanaşmadır.
Ermənistan yaxşı olar ki, sülh barədə düşünsün nəinki, yeni silahlar almaq… Bu silahlar belə onları düşdükləri çətin vəziyyətdən xilas edə bilməyəcək. Ermənistanı daha da ağır vəziyyət gözləyir”.

//Safura Bənnayeva, Editor.az