İsrail Müdafiə Qüvvələri (IDF) Livanın Beyrut kənarında İsrail ordusunun hava hücumu nəticəsində “Hizbullah”ın xüsusi əməliyyatlar komandanlığının rəhbəri İbrahim Aqilin həlak olduğunu açıqlayıb.
Lakin Livan tərəfi İbrahim Aqilin və ya qrupun digər yüksək rütbəli üzvlərinin ölümü ilə bağlı açıqlama verməyib.
Rəsmi açıqlamada komandirlə yanaşı, “Hizbullah”da elit sayılan Radvan bölməsinin yüksək rütbəli komandirlərinin də məhv edildiyi bildirilib. “Əl Hadath” telekanalının məlumatına görə, zərbə nəticəsində 10 Radvan komandiri həlak olub. İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman da İsrailin “Hizbullah”la qarşıdurmasında artıq qırmızı xətlərin olmadığını bildirib və qruplaşmanın hər hansı bir üzvünü İDF üçün qanuni hədəf adlandırıb. Məlumata görə, İbrahim Aqil 2019-cu ildə İsrailin şimalındakı Avivim postuna raket hücumuna, 2023-cü ildə Megiddo keçidinə edilən hücuma və “Hizbullah” döyüşçülərinin “Müharibə zamanı mülki vətəndaşları və İDF əsgərlərini öldürmək üçün İsrailə sızma cəhdinə görə məsuliyyət daşıyıb.
Onun 1983-cü ildə Beyrutdakı ABŞ səfirliyinə hücumu da təşkil etdiyi və buna görə ABŞ-da axtarışa verildiyi bildirilir.
Livan Səhiyyə Nazirliyinin son məlumatına görə, İsrailin Beyruta endirdiyi zərbə nəticəsində 3 qadın və iki uşaq olmaqla 12 nəfər həlak olub. 60 nəfər yaralanıb, onlardan səkkizinin vəziyyəti ağırdır.
//Samir Qurbanov, Editor.az