“Hizbullah”, Livan, İran: İsrail yeni müharibəyə hazırlaşır?backend

“Hizbullah”, Livan, İran: İsrail yeni müharibəyə hazırlaşır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailin hərbi və mülki obyektlərinə hücumu və İsrailin cavab tədbirləri nəticəsində Yaxın Şərqdə kəskin gərginliyin başlamasından doqquz aydan çox vaxt keçir. Bu müddət ərzində İsrail ordusu HƏMAS-la mübarizəni həll edə bilməyib.

Eyni zamanda, İsrailin “Hizbullah” hərəkatı və Livanla müharibəyə başlaması təhlükəsi indi artıb. İsrailin yaxın vaxtlarda Livanda hərbi əməliyyat keçirməyə hazır olması artıq bir neçə həftədir ki, danışılır. Bir çox Qərb ölkələri öz vətəndaşlarını Livana səfər etməkdən çəkindirib.

İyulun 8-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani xəbərdarlıq edib ki, İsrail hücum edərsə, Tehran Livana yardım göstərməyə hazırdır.

İsraillə “Hizbullah” arasında Livanla yeni müharibənin başlayacağı ehtimalı nə dərəcədədir və İsraildə daxili etirazlar niyə səngimir?

Oxu.Az bu barədə israilli politoloq, publisist, ictimai xadim və diplomat Mixail Pellivertlə söhbətləşib:

– “Biz “Hizbullah” ilə genişmiqyaslı hərbi eskalasiyaya çox yaxınıq”. Görünür, bu, təkcə üçüncü Livan müharibəsi deyil, həm də ilk İsrail-İran müharibəsi ola bilər. Bir tərəfdən hamı bundan qaçmaq istəyir, çünki müharibənin gətirə biləcəyi dağıntıların, infrastrukturun və insan itkisinin miqyası hər kəsə aydındır. Digər tərəfdən, hadisələrin öz dinamikası var. Siyasətçilər seçicilərinə vədlər verirlər, sonra da onlardan boyun qaçıra bilmirlər (İsraili nəzərdə tuturam).

Bundan əlavə, biz İranın maraqlarının nədən ibarət olduğunu başa düşə bilmirik, onun genişmiqyaslı eskalasiyaya nə dərəcədə hazır olduğundan da xəbərsizik. Mən belə bir fərziyyədən çıxış edirəm ki, “Hizbullah” müstəqil oyunçu deyil və buna görə də ilk növbədə İrandakı havadarlarının iradəsini həyata keçirəcək. Aydındır ki, ABŞ də eskalasiyadan qaçmaq istəyir, çünki ölkə seçki mərhələsindədir.

Bəs İsrailin bütün şimalı faktiki olaraq bizim suverenliyimiz altında olmadığı halda vəziyyət nə vaxta qədər davam edə bilər? Axı növbəti hücumun vaxtını məhz “Hizbullah” müəyyənləşdirir. Düşünürəm ki, eskalasiyanın olub-olmayacağı yaxın günlərdə bəlli olacaq. İsrail Qəzza zolağında müharibənin aktiv fazasını bitirir. Və əgər Qəzzada sakitliyə cavab olaraq şimalda sakitlik olarsa, o zaman hər şeyin yoluna düşməsi tam mümkündür. Amma İsrail ordusunun əksəriyyəti “Hizbullah”la müharibənin yaxın həftələrdə olmasa da, iki-üç il ərzində qaçılmaz olduğunu əməliyyat ssenarisindən bilirlər.

– Yeşiva tələbələrinin (yəhudi dini məktəbləri) orduya çağırılmasına qarşı ultrapravoslav mitinqlərinin keçirildiyi İsrail daxilində vəziyyət necədir? Bu yaxınlarda İsrail Ali Məhkəməsi ultrapravoslav yəhudiləri orduya çağırmaq qərarına gəldi, lakin onlar bundan imtina etdilər…

– İsrail cəmiyyəti 2023-cü ilin əvvəlindən başlayaraq çox qütbləşib. Parçalanmanın əsas səbəbləri təkcə hərbi xidmətə çağırış məsələləri, din-dövlət münasibətləri, hətta məhkəmə islahatlarına münasibət də deyil.

Əslində, İsrail bu gün Baş nazir Benyamin Netanyahunun istefasını tələb edənlər və Netanyahunun hazırda ölkə üçün ən yaxşı siyasi lider olduğuna inananlar arasında bölünüb. Bu bölgü, görünür, əsas bölgüdür. Və hər dəfə Netanyahunun tərəfdarları və əleyhdarları ətrafında birləşə biləcəkləri yeni bayraqlar və şüarlar tapırlar.

İndi, məsələn, bu, girovlarla bağlı məsələdir. Netanyahunun əleyhdarları HƏMAS-dan əsirləri azad etmək üçün istənilən şərtlərlə razılaşmağı tələb edirlər. Baş nazirin tərəfdarları hesab edirlər ki, bunu etmək olmaz.

Cəmiyyət də qütbləşib, çünki biz İsrailin siyasi sistemində islahatlar apara bilməmişik. Bu, siyasətçiləri uzunmüddətli və strateji qərarlar qəbul etməyə deyil, öz siyasi maraqlarından çıxış etməyə sövq edir.

Hökumət qurumlarının ümumi səlahiyyətləri də yəqin ki, minimum səviyyədədir. Əgər buna aylarla sürən müharibəni də əlavə etsək, o zaman indi nəfəsini dərməyə ehtiyacı olan İsrail cəmiyyətinin necə ağır vəziyyətdə olduğunu təsəvvür etmək mümkündür. Bir çoxu hesab edir ki, bu, “Hizbullah”la müharibəyə başlamamaq və Qəzza zolağında döyüşləri dayandırmaq üçün ən mühüm arqumentdir.

Amma bizə İsrail cəmiyyətinin konsolidasiya prosesinə rəhbərlik edə biləcək siyasi qüvvələr lazımdır. Mən hələ onları görmürəm.

– Hərbi xidmətə və səfərbərliyə tabe olmayan ultradindar yəhudilər mövzusuna davam edək. Bunların təxminən 13,5%-i İsraildə var (ən azı bu mənim gördüyüm rəqəmdir). İsrailin, demək olar ki, həmişəlik müharibə şəraitində olduğunu nəzərə alsaq, bu nə dərəcədə normaldır? Və dərhal, məsələn, İsrailə bir raket düşməsə, Tövratla məşğul olan yeşiva tələbələrinin sayəsində olduğunu iddia edən ruhanilərin arqumentləri haqqında. Bu cür mülahizələri başa düşmək çətindir.

– Bunu da başa düşmürük. Ultrapravoslavların və hər şeydən əvvəl onların liderlərinin tutduğu mövqe İsrail cəmiyyətinin 80%-i üçün anlaşılmazdır.

Mən bu vəziyyəti ultrapravoslav icmalarının liderlərinin öz dindarlarını itirmək istəməmələri ilə izah edirəm. Araşdırmalar olub ki, orduda xidmət etdikdən sonra bəzi ultrapravoslavlar dindən uzaqlaşırlar, cəmiyyətə inteqrasiyaya münasibətinə yenidən baxırlar və s. Görünür, dini liderlərin nəzərində bu, ölüm-dirim məsələsidir.

Ümumi demoqrafik göstəricilərə gəlincə, düz deyirsiniz, onlar təxminən 13%-dir. Hərbi yaşda olan təxminən 65 000 yeşiva tələbəsi xidmət edə bilsə də, onlar ordudan azaddırlar. Problem ondadır ki, İsraildə ultrapravoslavların payı ildən-ilə artır. 2060-cı ilə qədər onlar İsrail cəmiyyətinin 33%-ni təşkil edə bilərlər ki, bu da hamını həyəcanla düşünməyə vadar edir: kim xidmət edəcək, işləyəcək, vergi ödəyəcək? Məncə, daha gözləmək olmaz. Dinindən, irqindən, cinsindən asılı olmayaraq, hamı üçün vahid qanun qəbul etmək lazımdır.