Hollandiya ABŞ-ın rəhbərlik etdiyi “Prioritetləşdirilmiş Ukrayna Ehtiyac Siyahısı” (PURL) təşəbbüsü çərçivəsində Ukraynaya dəstək məqsədilə F-16 döyüş təyyarələri üçün hava hücumundan müdafiə avadanlıqları və sursat alınmasına əlavə 250 milyon avro ayıracaq.
Editor.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ruben Brekelmans sosial şəbəkə hesabında məlumat yayıb. Nazir bildirib ki, Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün əlavə hərbi yardıma təcili ehtiyac var.
Bundan əvvəl İspaniyanın Ukraynaya 817 milyon avroluq yardım paketi ayıracağı açıqlanmışdı.
Qeyd edək ki, NATO-nun baş katibi Mark Rutte noyabrın sonunda bildirib ki, PURL proqramı çərçivəsində Ukrayna ilin sonuna qədər təxminən 5 milyard dollar dəyərində Amerika silahlarının alınması ilə təmin olunacaq.
ABŞ və NATO tərəfindən yaradılan PURL təşəbbüsü ABŞ-ın Ukraynaya birbaşa hərbi yardım göstərməsini nəzərdə tutmur. Proqram Avropa İttifaqı ölkələrinin öz resursları hesabına Ukrayna üçün ABŞ istehsalı silah və avadanlıqlar əldə etməsini hədəfləyir.
// Gülnarə Abasova, Editor.az

