Hollandiya Ukraynaya yardım proqramları çərçivəsində Dünya Bankına 55 milyon avro məbləğində vəsait ayıracaq.
Editor.az xəbər verir ki, bu barədə Kiyevdə keçirilən mətbuat konfransında Hollandiya Krallığının müvəqqəti baş naziri Dik Şof məlumat verib.
“Yenidənqurma və islahat xərclərinin qarşılanması üçün Dünya Bankına 55 milyon avro ayırırıq”, – deyə o bildirib.
Şof əlavə edib ki, Hollandiya 2022-ci ildən bu günə qədər Ukraynaya ümumilikdə 20,6 milyard avro dəyərində yardım ayırıb. Bunun 13,6 milyard avrosu hərbi dəstəyə yönəldilib.
Xatırladaq ki, Hollandiya müdafiə naziri avqustun 4-də ölkəsinin Ukraynaya 500 milyon avro dəyərində ABŞ istehsalı silah sistemləri, o cümlədən Patriot hava hücumundan müdafiə sistemləri tədarük edəcəyini açıqlamışdı.
NATO-nun baş katibi Mark Rutte isə Hollandiyanın bu qərarını alqışlayaraq digər alyans üzvlərini də analoji addımlar atmağa çağırıb. O, yaxın vaxtlarda Ukraynanın digər müttəfiqlərindən də mühüm açıqlamalar gözlədiyini vurğulayıb.
// Gülnarə Abasova, Editor.az

