Hollandiya Ukrayna Silahlı Qüvvələrinin hücum imkanlarını artırmaq üçün PUA-ların hazırlanmasında Ukraynanı qabaqcıl texnologiyalarla təmin edəcək koalisiyada iştirak edir.
Editor.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Kaysa Ollonqren bildirib. Sənəddə bildirilir ki, bu elan ölkənin Kiyevə tədarük etdiyi F-16-ların, artilleriya silahlarının, döyüş sursatlarının və digər sistemlərin əvvəllər elan edilmiş tədarüklərinə əlavədir.
“Əlbəttə, bilirik ki, pilotsuz təyyarələr bu müharibədə çox vacibdir. Buna görə də, Ukraynanın Latviya və digər ölkələrlə yaratdığı pilotsuz uçan aparatların inkişafı koalisiyasına qoşulmaqla biz məhz bunu etdiyimizə əmin oluruq: hasilatı artırmaq, ən son texnologiyalardan istifadə etmək və Ukraynaya lazım olanı tam təmin etmək”, – Ollonqren bildirib. O vurğulayıb ki, koalisiya Ukraynadan gələn müraciətlərə operativ şəkildə cavab verə və Ukrayna Silahlı Qüvvələrini ən qısa müddətdə ehtiyacı olan hər şeylə təmin edə bilər.
Bundan əvvəl Ukraynanın Polşadakı səfiri Vasili Zvariç bildirib ki, ölkə Polşa ilə birgə döyüş təyyarələrinin istehsalında çox maraqlıdır.
//Gülnarə Abasova, Editor.az

