Honq-Konqda böyük yaşayış kompleksində baş verən güclü yanğın nəticəsində ölənlərin sayı 44-ə yüksəlib.
Editor.az xəbər verir ki, bu barədə South China Morning Post (SCMP) məlumat yayıb.
Son məlumata əsasən, həlak olanlar arasında bir yanğınsöndürən də var. 279 nəfər itkin düşmüş hesab olunur, 45 yaralının vəziyyəti isə ağırdır. Yeddi binadan üçündə alov 10 saatlıq mübarizədən sonra söndürülüb, digər dörd binada isə yanğın davam etməkdədir.
Rəsmi qurumlar yanğının sürətlə yayılmasını “qeyri-adi hal” kimi qiymətləndiriblər. Hadisə yerində straforun aşkarlanması alovun genişlənməsinə səbəb olan amillərdən biri kimi göstərilir.
Qeyd edək ki, yanğın dünən Honq-Konqun Tai Po rayonundakı təxminən 4 min nəfərin yaşadığı kompleksdə qeydə alınıb. Yerli karaoke barda başlayan alov daha sonra ətrafda quraşdırılmış bambuk iskelelərinə keçib. Hadisə son 17 ilin ən böyük yanğını hesab olunur və ən yüksək təhlükə səviyyəsi ilə qiymətləndirilir. Yanğınsöndürənlər sakinlərin böyük hissəsini təxliyə etməyə nail olublar.
//Gülnarə Abasova, Editor.az

