Ermənistanın siyasi dairələrində Azərbaycanla Ermənistan arasında sülh sazişi və ya saziş ərəfəsi ilkin sənədin imzalanmasının mümkünlüyünə dair fəal müzakirələr aparılır.
Bu barədə Ermənistanın “Hraparaq” nəşri yazır.
Qeyd olunur ki, sülh sazişi baş nazir Nikol Paşinyanın iyunun 20-də Türkiyəyə gözlənilən səfəri zamanı imzalana bilər.
Mənbə iddia edir ki, hakim Vətəndaş Sazişi Partiyasının nümayəndələri özləri də belə bir ssenarini istisna etmirlər.
Məqalədə qeyd edilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu prosesdə əsas vasitəçi kimi çıxış edə bilər.
“Ərdoğanın vasitəçiliyi ilə tərəflər üçüncü tərəfin hərbi mövcudluğunun istisna edilməsini nəzərdə tutan saziş imzalamaq barədə razılığa gələ bilərlər. Yəni, Rusiyanın 102-ci hərbi bazası Ermənistandan çıxarılacaq. Müqavilədə Azərbaycan tərəfinin bütün tələbləri, o cümlədən 300 min azərbaycanlının Ermənistana qaytarılmasına dair tələb də yer alacaq”, – materialda deyilir.
Məqalədə həmçinin qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə gözlənilən səfərinin gündəliyini açıqlamaqdan inadla imtina edir.
Oxu.az