“Humanitar böhran” yoxsa səhnələşdirilmiş ssenari?-Millət Vəkili ŞƏRH EDİRbackend

“Humanitar böhran” yoxsa səhnələşdirilmiş ssenari?-Millət Vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənilər Vətən müharibəsindəki qələbəmizdən sonra mövcud vəziyyəti qəbul edə bilməyiblər. Məğlubiyyətin yaşatdığı acılar, Azərbaycanın xarici diplomatik müstəvidəki uğurlu gedişləri onları çətin vəziyyətə salıb”.

Bunu Editor.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov ermənilərin həm Laçından, həm də Ağdamdan ərzaq yardımını qəbul etməkdən yayınması və hazırda Laçın sərhəd məntəqəsinin yaxınlığında Ermənistan ərazisində BQXK-nın bir TIR-ının və Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) ərzaq dolu yük avtomobilinin 2 gündür Bərdədə gözlədilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan və havadarlarının hazırladığı ssenari tamamilə fiaskoya uğrayıb: ” Onlardan biri də Azərbaycan ərazisi olan Qarabağda yaşayan erməni əsilli əhalinin guya humanitar böhranla üzləşdiyi ilə bağlı görüntü yaratmaqdır. Artıq bir həftədən çoxdur Azərbaycanın göndərdiyi humanitar yardımlar da Xankəndi-Ağdam yolunda gözləməkdədir. Hətta oradakı xunta rejim BQXK və Rusiya tərəfindən də göndərilən yükləri qəbul etmədilər. Məqsəd isə aydındır ki, dünyanın diqqətini həmin məsələyə cəlb etmək, ərazilərimizi beynəlxalq oyunçuların mübarizə meydanına çevirmək və bununla da sülh danışıqlarını, erməni icmasının Azərbaycan cəmiyyətinə reinteqrasiyasının qarşısını almaqdan ibarətdir. Lakin bu siyasət fiaskoya uğrayıb”.

Deputatın fikrincə, Azərbaycan lazım olan bütün addımları atmağa davam edəcək:” Bütün dünya anlayır ki, bu humanitar fəlakət yox, səhnələşdirilmiş ssenaridir. Bu addımlar ərazilərimizdə hər hansı oyuncaq dövlətin yaranması və qorunub saxlanılmasına hesablanıb. Lakin bu istəklər heç vaxt reallaşmayacaq. Azərbaycanın şərtləri açıq və konkretdir. Ya Azərbaycan vətəndaşlığını qəbul edib torpaqlarımızda yaşayacaq, ya da ərazilərimizi tərk edəcəklər. Bundan başqa yol yoxdur”.

//Safura Bənnayeva, Editor.az