ABŞ ordusu husilərin nəzarətində olan Yəməndən atılan qanadlı raketin Norveç bayraqlı ticarət tankerini vuraraq yanğına səbəb olduğunu açıqlayıb.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, digər tərəfdən isə husilər hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi açıqlamada husilərin nəzarətində olan Yəməndən qanadlı raketin atıldığı açıqlanıb. Bildirilib ki, raket Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən Babülmandep boğazından keçən Norveç bayraqlı “STRINDA” tankerinə düşüb. Gəmidəki yanğının dağıntılara səbəb olduğu, lakin tələfat olmadığı bildirilib. Hücum zamanı bölgədə ABŞ gəmisinin olmadığı vurğulanıb, daha sonra tankerin kömək çağırışına USS Mason cavab verib.
Tankerin 22 nəfərlik heyətinin hücumdan heç bir xəsarət almadan sağ qaldığı bildirilib.
Husilərin verdiyi açıqlamada İsrailin Qəzzaya hücumlarına cavab olaraq Norveçin “STRNDA” ticarət tankerinin hədəf alındığı açıqlanıb. Husilərin hərbi sözçüsü Yehia Sarea ekipajın xəbərdarlıqlara cavab vermədiyini və tankerin daha sonra hədəfə alındığını bildirib.
//Səbinə Hüseynli, Editor.az

