Yaponiyanın hakim Liberal Demokrat Partiyasında (LDP) ianələrin mənimsənilməsi ilə bağlı qalmaqal hökumətdə və partiyada dəyişikliklərə səbəb olub. Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno və əsas Siyasi Şuranın rəhbəri Koiçi Haqiuda istefa verib.
Editor.az NHK-a istinadən xəbər verir ki, onlardan başqa, Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimura, kənd təsərrüfatı naziri İçiro Miyaşita, inzibati işlər naziri Junji Suzuki və 5 nazir müavini də vəzifəsini tərk ediblər. Parlamentin yuxarı palatasındakı LDP fraksiyasının rəhbəri Hiroşiqe Seko və parlamentlə qarşılıqlı əlaqə üzrə partiya komitəsinin rəhbəri Tsuyoşi Takaqi də vəzifələri ilə vidalaşıblar.
Onların hamısı LDP-də keçmiş baş nazir Şinzo Abenin rəhbərlik etdiyi ən böyük fraksiya üzvləridir. “İctimaiyyətin siyasətə etimadını sarsıdan siyasi fondlara qarşı müxtəlif ittihamlar fonunda mən istefa ərizəmi verdim”, – Yaponiya Nazirlər Kabinetinin baş katibi deyib. İşdən çıxarılmalara səbəb LDP-yə siyasi ianələrin toplanması zamanı maliyyə hesabatlarının pozulması olub. Qalmaqal əsasən keçmiş baş nazir Şinzo Abenin fraksiyasına aiddir. Bununla belə, həm partiyanın keçmiş baş katibi Toşihiro Nikayın fraksiyalarında, həm də baş nazir Fumio Kişidanın siyasi assosiasiyasında problemlər var.
//Samir Qurbanov, Editor.az

