Avstraliyada icazəsiz uçuş həyata keçirən helikopter otelin damına çırpılıb. İnsident ölkənin şimalında yerləşən turistik Kerns şəhərində baş verib.
Bu barədə NBC News xəbər verib. Qəza nəticəsində helikopterin pilotu həlak olub. Otelin iki qonağının – 80 yaşlı kişi və 70 yaşlı qadının xəsarət aldığı da bildirilir. Qəzaya görə yüzlərlə qonaq oteldən təxliyə edilib.
Polis helikopterin “icazəsiz uçuş” üçün anqarından çıxarıldığını bildirib, lakin bunun nə ilə bağlı olduğunu açıqlamayıb. Hələlik şəxsiyyəti məlum olmayan pilot hadisə yerində ölüb. Avstraliya mətbuatının məlumatına görə, fəlakət Böyük Sədd rifinə gedən yolda yerləşən Kernsdəki “Hilton’s Double Tree” otelində baş verib.
Qəza zamanı helikopterin iki rotoru qoparaq otelin hovuzuna düşüb. Məhkəmə Qəza Təhqiqat Bölməsi qəza ilə bağlı hesabat hazırlamaq üçün Avstraliya Nəqliyyat Təhlükəsizliyi Tənzimləyicisi ilə işləyəcək.
//Samir Qurbanov, Editor.az