Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Ramiz Mehdiyevlə bağlı xatirəsini paylaşıb.
Bu barədə o, sosial media hesabında paylaşım edib.
“20 il öncə, 2005-ci ilin elə bu vaxtlarında Balakəndə parlament seçkiləri ilə bağlı kampaniya keçirirdik. Deputat seçilmək şansım çox yüksək idi. Əsas alternativim Rəbiyyət Aslanova idi. Ramiz Mehdiyevin ən yaxın adamı hesab olunurdu.
Mənə namizədliyimi geri götürməyimlə bağlı təkliflər olsa da, qəti imtina etmişdim. Əvvəldən də buradan deputat olan bu xanım heç seçicilərlə görüşlər belə keçirə bilmədi. Seçkiyə az qalmış ATƏT, hətta PA-dan gəlmiş sorğu keçirənlər məni deputat seçilməyimlə bağlı təbrik edirdilər. Birdən xəbər çıxdı ki, Ramiz Mehdiyev rayonun icra başçısını Bakıya çağırıb. Seçkiyə təxminən bir neçə gün qalmışdı. İcra başçısı Bakıdan qayıdan anda hər şey dəyişdi. Rayonda ciddi gərginlik yarandı”.
O.Gündüz həmin vaxt 5 dəqiqəlik məhkəmə ilə namizədliyinin ləğv edildiyini vurğulayıb və Rəbiyyət Aslanovanın (oğlu o dövrdə Ramiz Mehdiyevin köməkçisi idi) deputat seçildiyini qeyd edib:
“Dairə Seçki Komissiyası mənim namizədliyimin ləğvinə qərar vermişdi. Motiv də bu idi ki, mənim kənddə olan hansısa nümayəndəm seçicini ələ alıbmış”.
//Globainfo.az

