İcra başçısının cinayət işində qadın müavini ifadə verəcək – Məhkəməbackend

İcra başçısının cinayət işində qadın müavini ifadə verəcək – Məhkəmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Editor.az teleqraf.com-a istinadən bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edib.

Daha sonra ifadə verən Nizaməddin Quliyev və Ramiz Tatarov elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Bundan başqa, iclasda məlum olub ki, cinayət işi üzrə şahid qismində 21 nəfər ifadə verib. Həmin şahidlər arasında Ağstafa rayon icra başçının müavini, eyni zamanda İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova da var.

Lalə Eyyubova tələb olunan rüşvətlərin alınmasında iştirak etdiyi iddia olunub. Lalə Eyyubovanın növbəti iclasda şahid qismində dinidirlməsi gözlənilir.

Növbəti iclas fevralın 26-na təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilib.

Toplanılan materiallara əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.

Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Nizaməddin Quliyevin, müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif əsaslarla rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.