“İcra başçısının qardaşı korrupsiya şəbəkəsi yaradıb”backend

“İcra başçısının qardaşı korrupsiya şəbəkəsi yaradıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucar rayonu Şilyan kənd sakinləri Əhmədov Behbud Abbas oğlu və Əhmədov Yaşar Bəhlul oğlunun adından Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılova ünvanlanmış məktubda Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovdan şikayət olunur. Bir nüsxəsi də “AzPolitika.info”-ya göndərilən məktubda M.Məmmədovun özbaşınalığı ucbatından kəndin əkin sahələrinin susuz qaldığı iddia edilir: “Ucar rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədovun qardaşı, Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuzluqla, özbaşınalıqla məşğul olur ki, nəticədə də biz kənd sakinləri susuzluqdan əziyyət çəkirik, həyatımız məhv olur. Yuxarı Şilyan kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Payızda əkdiyimiz əkini hələ də suvara bilməmişik. Çünki Müşfiq Məmmədov suyu pulla satır. Biz vaxtında su pulunu veririk. Ancaq Müşfiq Məmmədovun yaratdığı “bazar”ın özəl qiymətlərini ödəməyə pulumuz olmadığı üçün su üzünə həsrət qalmışıq. Rayon ərazisində çəltik əkənlər hər hektar üçün Müşfiq Məmmədova 500 manat pul ödəyir deyə onlar daim su ilə təmin olunurlar.”

 

Sakinlər iddia edirlər ki, M.Məmmədov rayonda korrupsiya şəbəkəsi yaradıb: “Taxılın suvarılması üçün hər hektara 15 manat pul ödəməlisən. Yuxarı Şilyan kəndində minlərlə hektar əkin altında torpaq sahəsi var. Bu minvalla Müşfiq Məmmədovun taladığı pullar külli miqdardadır. Yuxarı Şilyan kənd icra nümayəndəsi Sabir Hacıyev və bələdiyyə sədri Vilayət Məmmədov isə kəndin bu problemləri ilə qətiyyən maraqlanmırlar. Ucar rayon İcra başçısı Mənsur Məmmədovun qardaşı olan Müşfiq Məmmədovun yaratdığı korrupsiya şəbəkəsinin əməlləri nəticəsində əkinlərimiz məhv olur.”

 

Sonda Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılova müraciət edən sakinlər şikayətlərinin araşdırılmasını və müvafiq tədbirlər görülməsini xahiş edirlər.

Loading...