“Bu gün Bakı şəhər ictimai nəqliyyatda dövlət tərəfindən müəyyən subsidiyalar həyata keçirilir. Bu subsidiyalar metropolitenə və Baku MMC-yə şamil olunur. Digər özəl qurumlara, ictimai nəqliyyatda avtobusları olan şirkətlərə hər hansı bir subsidiya verilmir. Yalnız dizel yanacağı ilə çalışan avtobuslara görə şirkətlərə subsidiya verilir ki, bu da “Dizel subsidiyası” adlanır”.
Bu fikirləri Editor.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib.

Onun sözlərinə görə, ictimai nəqliyyatla bağlı vəziyyəti yaxşılaşdırmaq üçün dövlət özəl şirkətlərə ayrılan subsidiyadan bir qismini digər şirkətlərə də ayrıla bilər ki, onların da ictimai nəqliyyatda çalışması daha səmərəli olsun:
“Eyni zamanda bu üsulla sərnişindaşımanın da keyfiyyəti yüksələr. Pandemiya və dövlətimizin sosialyönümlü siyasəti dövründə ictimai nəqliyyatda qiymətlərin yüksəlməsinin tərəfdarı deyiləm. Qiymətlərin yüksəlməsini lobbiləşdirən qurumlar niyəsə həmişə cəmiyyətə sərf etməyən, çətinlik yaradan variantları düşünürlər. 3-4 il bundan qabaq ictimai nəqliyyatda ödəniş 20 qəpik idi. Belə fikirlər səsləndirildi ki, qiymətlər yüksəlsə yaxşı olacaq. Beləliklə gediş haqqı 30 qəpik oldu. Amma biz ictimai nəqliyyatda keyfiyyətin yüksəlməsinin şahidi olmadıq. Bu gün vətəndaşlar üçün ictimai nəqliyyatdan istifadə etmək çox çətindir”.
Eldəniz Cəfərov qeyd edir ki, ictimai nəqliyyatda qiymətlərin yüksəltməkdənsə, dövlət tərəfindən özəl qurumlara, daşıyıcı şirkətlərə subsidiyaların verilməsi daha düzgün olar:
“Bunun üçün lazım olan məbləğ var. Bu gün Azərbaycanda qanunsuz parklanma təşkil edilir və buradan il ərzində əldə edilən təxminən 40 milyon manat pul konkret dövlətin büdcəsinə getmir. Parklanma yerlərindən qeyri-leqal yığılan məbləğlər ictimai nəqliyyatda çalışan daşıyıcı şirkətlərə subsidiya şəklində verilə bilər. Təklif edirəm ki, parklanma xidməti leqallaşdırılsın, bir saatına görə təxminən 30,50 qəpik təyin edilsin və buradan il ərzində yığılan pul daşıyıcı şirkətlərə subsidiya kimi verilsin. Subsidiyanın verilməsi layihə çərçivəsində 5,6 il müddətində həyata keçirilə bilər. Belə olan halda daşıma problemlərini aradan qaldıra bilərik”.
//Safura Bənnayeva, Editor.az

