İSTİQAMƏT: 6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;
Bütün dünyada olduğu kimi Azərbaycanda QHT institutunun bir neçə vəzifəsi var. Onlardan biri dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair ictimai təşəbbüskarlıq meyillərinin artırılmasını təmin etməkdir. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin prioritetlərindən biri də budur. Prezident İlham Əliyev də hər zaman ictimai nəzarətin vacibliyini bildirir.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti və onun çox vacib qollarından biri olan qeyri-hökumət təşkilatları böyük inkişaf yolu keçib:

“Prezident İlham Əliyevin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması ilə bağlı fərmanda da qeyd etdiyi kimi bununla QHT-lər yeni inkişaf mərhələsinə qədəm qoydular. Azərbaycanda həm də QHT institunun cəmiyyətin maariflənməsində, inkişafından birbaşa rolu var. Hesab edirəm ki, onlar bu işin öhdəsindən həm də layiqincə gəlirlər. Mən birbaşa bu işlə məşğul olan şəxs olaraq tam məsuliyyəti ilə deyirəm və hesab edirəm ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına dövlətin kifayət qədər böyük dəstəyi və qayğısı var. Əksər ölkələrdə olmayan, hətta birbaşa bu sektora dövlət dəstəyini həyata keçirən qurumlar belə fəaliyyət göstərir. Bu eyni zamanda, dövlətin vətəndaş cəmiyyətindən gözləntiləri və onun inkişafında maraqlı olmasından irəli gəlir. Əminəm ki, bu məsələdə vətəndaş cəmiyyəti institutları da öz üzərinə düşən vəzifələrin layiqincə həyata keçirilməsi üçün çalışırlar. Hesab edirəm ki, dövlətin bu sahəyə qayğı və diqqətinin bu qədər yüksək olduğu məqamda vətəndaş cəmiyyəti proseslərdə daha aktiv iştirak edə bilər. Ölkənin sosial-iqtisadi, mədəni inkişafında bütövlükdə bütün sahələrdə QHT-lərin fəaliyyətinin daha da artırılmasına böyük zərurət var. Məhz təsadüfi deyil ki, dövlət müəyyən məsələlərlə əlaqədar birbaşa vətəndaş cəmiyyətinin iştirakını zəruri hesab edir. Bu məsuliyyətin qarşılığında vətəndaş cəmiyyəti daha ciddi səylə çalışmalıdır. Bütün sahə üzrə illərdir öz sözünü deyən qht-lər fəaliyyət göstərir. Vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələ başlayıb və bu QHT-lərə aiddir. Ölkəmizdə ictimai nəzarətin həyata keçirilməsi ilə bağlı cənab Prezidentin baxış bucağı aydındır. Bununla bağlı qanunvericilik səviyyəsində bütün zəruri addımlar atılıb. Ancaq “İctimai İştirakçılıq haqqında qanun”un təkmilləşmələrə ehtiyacı var. Yalnız bundan sonra bu sahədə olan müəyyən boşluqlar aradan qaldırılacaq. Müxtəlif dövlət qurumlarında ictimai şuralar fəaliyyət göstərir. Bəzən ictimai şuraların fəaliyyətinin heç də gözləntilərlə uyğunlaşmadığını müşahidə edirik. Çünki Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nizamnaməsində ictimai şuraların təşviqi məsələsi məhz Agentliyə həvalə olunub və müddət ərzində bu istiqamətdə xeyli işlər görülüb. Müxtəlif ictimai müzakirələr, dinləmələr, regional müşavirələr reallaşdırılıb. Ancaq həmin müşavirələrdə iştirak edən biri kimi deyə bilərəm ki, bu gün ictimai şuraların fəaliyyəti qənaətbəxş deyil.”.
İ. Orucovun sözlərinə görə bir çox hallarda dövlət qurumları özünə yaxın adamların şuralarda yer almasında maraqlı olur:
“Çünki ictimai şuralar bütövlükdə müvafiq yerli və icra hakimiyyəti orqanlarında həm də nəzarətedici funksiyanı həyata keçirirlər. Bu həm də həmin dövlət qurumlarının maraqlarına cavab vermir. Onların maraqlarına toxunan fəaliyyət onları qane etmir. Əslində onlar bəzən tənqidə, yeni təşəbbüslərə açıq olmur. Bu onu göstərir ki, həm də icra hakimiyyətlərin fəaliyyətlərində xeyli boşluqlar var. Hesab edirəm ki, hansı dövlət qurumu orada ictimai şuranın fəaliyyətsizliyində maraqlıdırsa, deməli qurum öz fəaliyyətində yarıtmazdır. Çünki ictimai şuralarda təmsil olunan insanlar nə qədər təcrübəli, peşakar olarsa, həmin dövlət qurumunun işində problemlərin daha tez aşkara çıxmasında eyni zamanda, aradan qaldırılmasında dəstək ola bilər. Bu baxımdan hesab edirəm ki, yaxşı məmur bu işdə maraqlı olmalıdır. Ümumilikdə ictimai şuraların fəaliyyətindən narazıyam və hesab edirəm ki, onlar bir çox hallarda təmsil olunduqları dövlət qurumlarının sanki sözçüsü, müdafiəçisi qismində çıxış edirlər. Hesab etmirəm ki, ictimai şura yalnız tənqidlə məşğul olmalıdır. Əlbəttə ki, yaxşı və pisi cəmiyyətə doğru şəkildə çatdırmaq vacibdir. Ancaq hansısa dövlət qurumunun tapşırığı əsasında fəaliyyət göstərməsinin qəti əleyhinəyəm. Biz Agentlik olaraq məhz ictimai şuraların təşviqi, vəzifələrinin doğru-düzgün icrası ilə bağlı işlərdə maraqlıyıq. Eyni zamanda, ” İctimai İştirakçılıq haqqında” qanun təkmilləşəcəksə bu istiqamətdə olan çatızmazlıqlar da öz həllini tapa bilər. Bütövlükdə hesab edirəm ki, dövlət qurumlarının ictimai şuralara münasibəti həm də onu göstərir ki, bəzən məmurlar bu istiqamətdə ölkə rəhbərinin çağırışlarını dərk edə bilmirlər. Onlar başa düşsə ki, ictimai şuraların sağlam fəaliyyəti birbaşa onların öz işlərini daha səmərəli qurmasına yardım edir, əlbəttə ki, onlar ictimai şuraların fəaliyyəti üçün lazımi imkanlar yaradarlar. Dəfələrlə yerli və mərkəzi icra hakimiyyəti rəhbərlərinin ictimai şuraların fəaliyyətinə əngəl yaratmasının şahidi olmuşam. Bəzən olur ki, nazirlər rəhbər şəxslər heç ictimai şura üzvlərini qəbul etmirlər, onları dinləmirlər. Bu, yolverilməzdir və həmin məmurun yarıtmaz fəaliyyətinin göstəricisidir”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə qeyd edir ki, bu gün ölkəmizdə QHT-lərə dövlət tərəfindən ciddi dəstək var:

” Cənab Prezidentin göstərişi ilə əksər qurumların nəznində ictimai şuralar yaradılıb. Hesab edirəm ki, ictimai şuraların fəaliyyəti qənaətbəxş deyil. Onlar öz missiyasının öhdəsindən layiqincə gələ və ictimai iştirakçılığı tam təmin edə bilmirlər. Bu gün ictimai şuraların fəaliyyəti daha çox formal xarakter daşıyır. Şuraların qurumların işində bu və ya digər formada fəal iştiraklarını müşahidə etmək olmur. Bu baxımdan məsələyə daha praktik real işlər ortaya qoyan qurum kimi baxmalıyıq. Bu istiqamətdə də ciddi addımlar atılmalıdır. Ölkə başçısı həmin şuraların və təmsil olunduqları qurumların üzərinə vəzifələr qoyub. Onlar da çalışmalıdır ki, vəzifələrini layiqincə yerinə yetirməyə müvəffəq olsunlar”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


