“İdeal burun” axtarışı: İnsanları estetik əməliyyata nə sövq edir? – Psixoloqdan AÇIQLAMAbackend

“İdeal burun” axtarışı: İnsanları estetik əməliyyata nə sövq edir? – Psixoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illərdə estetik əməliyyatlara, xüsusilə də rinoplastikaya maraq xeyli artıb. İnsanlar bəzən xarici görünüşlərini dəyişməklə özlərinə olan münasibətlərinin və özgüvənlərinin də dəyişəcəyinə inanırlar. Sosial media isə ideal görünüş anlayışını daha da gücləndirə bilir. Dünən burun əməliyyatı zamanı gənc bir qızın həyatını itirməsi isə estetik müdaxilələrə qərar verərkən psixoloji motivlər, gözəllik təzyiqi və risk anlayışının nə qədər önəmli olduğunu bir daha gündəmə gətirdi. Hadisənin dəqiq səbəbləri araşdırılarkən, ümumilikdə bu məsələ cəmiyyət üçün ciddi suallar doğurur.

Maraqlıdır, insanları estetik əməliyyata sövq edən əsas səbəb nədir — özünü dəyişmək istəyi, yoxsa cəmiyyətin və sosial medianın yaratdığı gözəllik təzyiqi?

Psixoloq Leyla Əli Editor.az-a açıqlamasında son illərdə estetik əməliyyatlara, xüsusilə rinoplastikaya marağın xeyli artdığını bildirib.

Onun sözlərinə görə, insanlar bəzən görünüşlərində müəyyən xüsusiyyətləri dəyişməklə özlərini daha rahat, cəlbedici və özgüvənli hiss edəcəklərinə inanırlar:

“Amma burada əsas məsələ yalnız əməliyyatın özü deyil. Əsas sual insanı bu qərara gətirən psixoloji motivin nə olduğudur.

Bəzi insanlar uzun müddətdir onları narahat edən konkret bir xüsusiyyəti dəyişmək istəyirlər. Digərlərinə isə sosial medianın yaratdığı “ideal üz”, “ideal burun” və mükəmməl görünüş standartları ciddi təsir göstərə bilər.

İnsan hər gün sosial mediada müəyyən gözəllik obrazları ilə qarşılaşdıqda, öz görünüşünü həmin standartlarla müqayisə etməyə başlaya bilər. Zaman keçdikcə bu müqayisə “Məndə nəsə çatışmır” düşüncəsini gücləndirə bilər.

Lakin estetik əməliyyat insanın özünə münasibəti ilə bağlı bütün problemlərin həlli deyil. Əgər əsas çətinlik özünü qəbul etmək, daim başqaları ilə müqayisə aparmaq və ya özgüvənlə bağlıdırsa, yalnız xarici görünüşü dəyişdirmək bu hissləri hər zaman aradan qaldırmaya bilər.

Bu səbəbdən əməliyyatdan əvvəl insanın özünə bir neçə sual verməsi vacibdir:

“Mən bunu həqiqətən özüm üçün istəyirəm, yoxsa başqalarının gözləntilərinə görə?”

“Əməliyyatdan konkret olaraq nə gözləyirəm?”

“Görünüşüm dəyişsə, həyatımın hansı hissəsinin dəyişəcəyinə inanıram?”

Xüsusilə son günlərdə estetik əməliyyat zamanı baş verən faciəvi hadisə bu mövzuda tibbi risklərin də diqqətdən kənarda qalmamalı olduğunu göstərir. Konkret hadisənin səbəbləri araşdırılarkən, ümumilikdə estetik müdaxiləyə qərar verən zaman həm tibbi risklər, həm də insanın psixoloji motivləri ciddi şəkildə nəzərə alınmalıdır.

Çünki bəzən dəyişdirmək istədiyimiz yalnız görünüşümüz deyil, özümüz haqqında hisslərimizdir”.

//Gülnarə Abasova, Editor.az