İdmançının qətli: Dava buna görə olub – VİDEObackend

İdmançının qətli: Dava buna görə olub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük övladım qızdır. Rəhmətə gedən ikinci övladımdır. 8-9 ildir cüdo ilə məşğul olurdu. Dostları mənə deyib ki, yarışdan çıxdıqdan sonra yoldaşı ondan tualetə getmək üçün şəpiyini istəyib. Turan da verib, ayağıyalın qaldığı üçün ayaqlarını öndəki skamyanın üzərinə qoyub.

Bu barədə mərhum Turan Rüstəmovun atası Zəka Rüstəmov Baku TV-yə açıqlamasında deyib.

O bildirib ki, ilk mübahisə bunun üstündə düşüb:

“Qətlə yetirən şəxs (Ruslan Səfixanov – red.) Turana ayağını aşağı salmasını deyərək, təhqir edib, daha sonra şillə vurub. Hamısı kamerada görünür. Vurur şillə ilə, uşaq durur buna cavab qaytarır, çıxardır bıçağı, başlayır bıçaqlamağa. Başına təxmini 3-4 bıçaq girmişdi. Özüm baxmışam, özüm yumuşam qardaşlarımla. Ürəyindən 2 bıçaq, qalanını da başından, alnından, qulağının dibindən, başının arxa tərəfindən vurub. Qətli törədən şəxs həm içkili, həm də narkotik maddənin təsiri altında olub”, – Z.Rüstəmov bildirib.

Doğmaları bildirib ki, Turanın valideyinlərinin ayrılmasına baxmayaraq, mərhum bütün qohumları ilə yaxşı münasibətdə olub:

“Mingəçevirdə qalırdı. Həftənin 3 günü bura – atasının yanına gəlib, onunla qalırdı. Deyirdi, burda mənim çəkimdə adam yoxdu ki, onunla məşq edim. Gedirəm, orda yuxarı çəkililərlə məşq edib, çempionatda yer tutum. Gülərüz insan idi, nailiyyətləri vardı. Yarışlardan hər zaman medalla qayıdardı. Atası idmandan uzaqlaşmasını, rayona qayıtmasını istəsə də, Turan respublika çempionatında qızıl medal qazanmaq istəyirdi”.

Bildirilib ki, hadisədən əvvəl Turan Rüstəmov tatamiyə çıxıb və görüşünü qələbə ilə başa vurub. Bundan sonra Ruslan Səfixanovun təmsil etdiyi komandanın idmançıları ilə onun arasında mübahisə baş verib. 20 yaşlı Ruslan Turanın oturduğu yerə yaxınlaşıb, onu vurub, daha sonra isə bıçaqlayıb.

Qeyd edək ki, Ruslan Səfixanov əməkdar məşqçi Elçin Səfixanovun oğludur.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başladılıb. Ruslan Səfixanov həbs edilib.

Publika.az