“Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlikdən irəli gələn bütün işlər mərhələli şəkildə həyata keçirilir”.
Bunu Editor.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri çərçivəsində müzakirəyə çıxarılan mövzuları və əldə edilən ümumi nəticəni şərh edərkən bildirib.
Onun sözlərinə görə, bütün sahələr üzrə birgə inkişaf konsepsiyası hazırlanıb:
“Azərbaycan və Türkiyə birlikdə uğurla irəliləməkdədir. Regional, qlobal problemlərin, təhdidlərin qarşısını almaq üçün hər iki dövlətin ərazi bütövlüyünün, suverenliyinin daimi olması, vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması, müasir texnologiyaların tətbiq edilməsi vacibdir. Bu gün Azərbaycan-Türkiyə ordu sisteminin əsasında müasir komando tipli ordu quruculuğu həyata keçirilir. Rəsmi Bakı özünün bütün beynəlxalq enerji layihələrini Ankara ilə birgə reallaşdırır. Okeanlara çıxışı olmayan Azərbaycan reallaşdırdığı beynəlxalq layihələr hesabına neftini, təbii qazını Gürcüstan və Türkiyə üzərindən dünya bazarlarına çıxardır. Şərqin, Avropanın, Balkanların və İtaliyanın enerji resursları ilə təmin edilməsində də aktiv iştirak edir. Bu da Azərbaycanın gücünə güc qatmaqdadır”.
Deputatın fikrincə, Türkiyənin enerjiyə olan tələbatının qarşılanmasında Azərbaycan yaxından iştirak edir:
“Naxçıvan ilə Azərbaycan arasında quru əlaqələri yoxdur. Uzun illərdir ki, Naxçıvanın enerji təchizatında müxtəlif problemlər var idi. İran üzərindən Naxçıvanın təbii qazla təminatı həyata keçirilirdi. Sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə Iğdır-Naxçıvan təbii qaz kəmər layihəsinin təməlqoyma mərasimi həyata keçirildi. Eyni zamanda, Qars-Naxçıvan dəmiryolu xəttinin inşası ilə bağlı razılaşma əldə olundu. Iğdır-Naxçıvan layihəsinin təməlinin qoyulması ilk növbədə Naxçıvanın qazla təmin olunması ilə bağlı alternativ boru kəmərinin çəkilməsi nəzərdə tutulur. Burada əsas məqsəd İrandan gələn təbii qaz təminatının alternativi olaraq Naxçıvana Azərbaycan qazının ötürülməsini təmin etməkdir. Bütün bunlarla yanaşı yaxın gələcəkdə Naxçıvanda istehsal ediləcək günəş enerjisinin də Türkiyəyə nəql edilməsi nəzərdə tutulur”.
N.Həmzəyevin sözlərinə görə, Azərbaycanın əsas hədəflərindən biri Zəngəzur dəhlizinin işə düşməsidir: “Bu koridor yalnız dəmiryolu və avtomobil yollarından ibarət deyil. Buradan eyni zamanda enerji resursları da keçəcək”.
//Safura Bənnayeva, Editor.az